Bank Of Baku

Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib

Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib
# 31 mart 2010 17:20 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov tədbiri giriş sözü ilə açaraq əksər qonşularına, əsasən də azərbaycanlılara və türk xalqlarına qarşı əsrlər boyu soyqırım və deportasiya siyasətini mərhələ-mərhələ gerçəkləşdirən erməni millətçilərinin və silahlı birləşmələrinin 1918-ci ilin mart ayında törətdikləri, analoqu olmayan soyqırımı faciəsindən 92 il keçdiyini xatırladıb, erməni şovinistləri və cəza dəstələri tərəfindən nəinki Bakıda, ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın, qocaların, qadınların və uşaqların milli və dini mənsubiyyətə görə sistemli və kütləvi şəkildə, amansız və vəhşi metodlarla məhv edilməsi, həmin qanlı hadisələrin çox geniş coğrafiyaya malik olması barədə ətraflı məruzə ilə çıxış edib. Mərasim iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə qeyd olunmub ki, məhz Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin iki əsr ərzində xalqımıza qarşı törətdikləri vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verilib, ulu öndər tarixi ədaləti bərpa edərək 1998-ci ilin martın 26-da imzaladığı fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan edib. Bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir. Tədbirdə həmçinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində prezident İlham Əliyevin apardığı siyasətin bütün xalqımız kimi daxili işlər orqanları tərəfindən də dəstəkləndiyi, əks halda işğal altındakı torpaqlarımızın güc yolu ilə azad edilməsinə şəxsi heyətin hər zaman hazır olması fikri də ifadə edilib. Anım mərasimi tanınmış jurnalist Mehriban Ələkbərzadənin ssenari müəllifi və rejissoru olduğu, azərbaycanlıların soyqırımından bəhs edən «Tarixin bir günü və ya bir günün tarixi» adlı sənədli filmin nümayişi ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR