Bank Of Baku

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası bəzi dissertasiyalarda plagiatlıq faktları aşkarlayıb - SİYAHI

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası bəzi dissertasiyalarda plagiatlıq faktları aşkarlayıb - <font color=red>SİYAHI</font>
# 06 aprel 2010 14:49 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son zamanlar AAK tərəfindən Milli Aviasiya Akademiyasının nəzdində alimlik dərəcəsi almaq üçün yaradılmış N.06.011 Dissertasiya Şurasında (sədr: hüquq elmləri doktoru İbrahim Quliyev) aparılmış araşdırmalar və təhlillər nəticəsində şuraya daxil olmuş dissertasiyaların bir qismində plagiatlıq faktları aşkar edilib. Plagiatlıq faktlarının aşkar olunduğu dissertasiyaların AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yerinə yetirildiyi və hüquq üzrə müdafiə üçün təqdim olunduğu müəyyən edilib. Bu isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında” Əsasnaməsinin tələblərinin kobud şəkildə pozulması deməkdir.

Dissertasiya Şurasına daxil olan dissertasiya işlərinin ilkin ekspertizası zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, müdafiə üçün təqdim olunmuş dissertasiya işlərinin çox hissəsi MDB-yə daxil olan ölkələrin, xüsusilə Rusiya Federasiyası alimlərinin dissertasiya işlərindən və əsərlərindən eynilə tərcümə olunaraq köçürülüb və ya iddiaçı tərəfindən rus dilində hazırlanmış dissertasiya işləri isə Rusiyada müdafiə olunmuş dissertasiyalardan birbaşa köçürülərək hazırlanır və Şuraya müdafiə üçün təqdim olunur. Hətta bir çox hallarda mövzu ilə bağlı təqdim olunmuş plan, fəsillər və paraqraflar, o cümlədən dissertasiya işlərinin məzmunları eynilik təşkil edir. Belə dissertasiya işlərində fərqli cəhət təkcə ondan ibarətdir ki, iddiaçılar rus dilindən rus dilinə köçürdükləri və ya Azərbaycan dilinə tərcümə yolu ilə təqdim etdikləri dissertasiya işlərinə yalnız bəzi əlavələr edərək Rusiya Federasiyasının normativ-hüquqi aktlarının yerinə ancaq Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının adlarını daxil etməklə Azərbaycan elmi qarşısında iddiaçı kimi öz vəzifələrini yerinə yetirmiş hesab edərək dissertasiya işini başa çatdırmiş sayırlar. Araşdırmalar nəticəsində məlum olub ki, bütün bu işlərin həyata keçirilməsində elm və təhsil müəssisələrinin, xüsusilə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun bəzi əməkdaşları və iddiaçıların elmi rəhbərləri dissertasiya işlərinin müzakirəsi zamanı lazımi səviyyədə tələbkarlıq göstərmirlər. Araşdırmalar nəticəsində AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Əliyeva Esmira Çərkəz qızının (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə hüquq elmləri namizədi (hazırda hüquq üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almaq üçün “Televiziya və radio işçilərinin əməyinin hüquqi tənzimlənməsinin xüsusiyyətləri” mövzusunda müdafiə üçün təqdim etdiyi dissertasiya işini 2003-cü ildə Moskva Dövlət Universitetində hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş Aristova Svetlana Viktorovnanın eyni adlı (“Особенности правового регулирования труда работников телевидения и радиовещания”) işindən, institutun dissertantı Əliyev Əhəd Həmzə oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə hüququ elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Dövlət qulluqçularının əməyinin və sosial müdafiəsinin hüquqi tənziminin nəzərri və praktiki məsələləri” mövzusunda dissertasiya işini Kirpatenko Vladislav Vladimiroviç tərəfindən 2005-ci ildə Moskva şəhərində Moskva Dövlət Sənaye Universitetində müdafiə edilmiş dissertasiya işindən (“Особенности правового регулирования труда и социальной защиты государственных служащих: вопросы теории и практики”) tərcümə olunaraq köçürdüyü, dissertant Cəfərov Müşfiq Ələkbər oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Miqrantların əmək münasibətlərinin hüquqi tənzimlənməsi” mövzusunda təqdim etdiyi dissertasiya işini 2002-ci ildə Yekaterinburq şəhərində Ural Dövlət Hüquq Akademiyasında “Правовое регулирование трудовых отношений работников-мигрантов” mövzusunda müdafiə etmiş Jiltsova Yuliya Vladimirovnanın dissertasiya işindən tərcümə edərək köçürdüyü, dissertant Mustafayev Adil Şöhrət oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Социальное обеспечение как государственная система защиты населения от социального риска” mövzusunda dissertasiya işini Maçulskaya Yelena Yevqeniyevnanın 2000-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün Moskva şəhərində müdafiə etdiyi dissertasiya işindən və Fyodorova Marina Yuryevnanın 2003-cü ildə Sankt-Peteburq şəhərində Sankt Peterburq Dövlət Universitetində hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə etdiyi dissertasiya işlərindən köçürdüyü, dissertant Səfərəliyev Rüstəm Rasim oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru, professor İbrahim İsmayılov) hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Sosial təminat məsələləri üzrə mübahisələrin baxılmasının hüquqi aspektləri” mövzusunda dissertasiya işini eyni mövzuda olan və 2002-ci ildə Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda Serebryakova Yelena Alekseyevna tərəfindən müdafiə edilmiş dissertasiya işindən köçürdüyü, dissertant Mahmudov Emin Vidadi oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru, professor İbrahim İsmayılov) hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Bazar iqtisadiyyatı şəraitində əməyin ödənilməsinin hüquqi təminatları” mövzusunda dissertasiya işini Rusiya Federasiyasının üç müxtəlif ali təhsil müəssisəsində ayrı-ayrı iddiaçılar tərəfindən müdafiə olunmuş dissertasiya işlərindən tərcümə yolu ilə köçürdüyü müəyyənləşib.

AAK Rəyasət Heyətinin qərarına əsasən, AMEA rəhbərliyinə bu cür neqativ halların vaxtında qarşısını almaq üçün lazımi tədbirlər görmək və görülən tədbirlər haqqında Komissiyaya məlumat vermək tapşırılıb. Komissiya Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun plagiatlığa yol verən dissertantlarının həmin mövzular üzrə təkrar müdafiə etmək hüququnu əllərindən alıb, o cümlədən üç il müddətinə digər hər hansı mövzu üzrə dissertasiya müdafiə etmək hüququnun verilməsini qadağan edib. Hüquq elmləri doktorları Mais Əliyev və İbrahim İsmayılov beş il müddətinə elmi rəhbər olmaq hüququndan məhrum edilib. Adı çəkilən şəxslər tərəfindən bu cür faktlar bir daha aşkarlanarsa, onların doktorluq elmi dərəcəsinin geri alınması məsələsinə AAK Rəyasət Heyətində baxılacaq. Sözügedən dissertantların təqdim etdikləri dissertasiyaların ilkin müzakirəsinin keçirilməsi üçün rəy təqdim etmiş rəyçilərə ciddi xəbərdarlıq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR