Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun məlumat xidmətinə daxil olan zənglərin sayı 61% artıb

Dövlət Sosial Müdafiə Fondunun məlumat xidmətinə daxil olan zənglərin sayı 61% artıb
# 05 iyul 2010 10:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun müasir tipli “190” nömrəli telefon məlumat xidmətinə (“Call-center”) əhali tərəfindən 25 763 müraciət daxil olub.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, məlumat xidmətinə daxil olan müraciətlər operativ cavablandırıldığı üçün müraciət edənlərin sayı artır. Belə ki, bu ilin 6 ayı ərzində telefon məlumat xidmətinə ötən ilin müvafiq dövrü ilə müqayisədə daxil olan zənglərin sayı 61 faiz çox olub.

Qeyd edək ki, telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri olan dövrü əhatə edir və bu zaman sorğu və müraciətlər birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılır. Canlı rejimdə göstərilən telefon xidməti iş günü ərzində fasiləsiz, saat 09.00-dan 13.00-dək və 14.00-dan 18.00-dək olmaqla iki növbəli xidmət əsasında həyata keçirilir. 13.00-dan 14.00-dək isə telefon məlumat xidməti canlı iş rejimindən avtomatik iş rejiminə keçir. Bu zaman suallar avtomatik olaraq robot tərəfindən standart formada cavablandırılır. Avtomatik iş rejimi həmçinin iş vaxtından sonrakı saatlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

Cari ilin ilk 6 ayı ərzində telefon məlumat xidmətinə daxil olan 25 763 sorğu və müraciətin 52,8%-i canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 47,2%-i isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

Hesabat dövründə “190” nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil edib. Müraciətlərin 49 faizi (6651) bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 23,3%-ni (3172) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 27,7%-i (3773) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR