Bank Of Baku

Beynəlxalq Atom Enerjisi Agentliyinin Azərbaycan üzrə nümayəndəsi: “Qazandığımız nailiyyətlər hələ başlanğıcdır”

Beynəlxalq Atom Enerjisi Agentliyinin Azərbaycan üzrə nümayəndəsi: “Qazandığımız nailiyyətlər hələ başlanğıcdır”
# 26 oktyabr 2011 11:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycana səfərdə məqsəd bu ölkə ilə birlikdə hazırda icra olunan və 2012-2013-cü illərdə icra ediləcək layihələri nəzərdən keçirməkdir. Bu layihələrdən biri tibbi sahəyə aid olan Milli Onkologiya Mərkəzinin diaqnostika imkanlarının və xərçəng xəstələrinin müalicə üsullarının təkmilləşdirilməsidir”. Bunu APA-ya Beynəlxalq Atom Enerjisi Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Andrey Çupov deyib. O bildirib ki, icra olunacaq layihələr sırasına AMEA ilə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi texnologiyalarına dair layihə, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi layihələri də daxildir: “2012-2013-cü illərdə cətin, lakin icra oluna biləcək layihələrimiz var. Milli Onkologiya Mərkəzi ilə bağlı layihə demək olar ki, tam başa çatıb. Orada xəstələrin müalicəsi üçün yeni müasir avadanlıqlar istifadəyə verilib, gələn ay artıq xəstələrin müalicəsi başlayacaq. Yaxın zamanlarda AMEA ilə nüvə texnologiyalarına dair layihə ilə əlaqədar ölkəyə müvafiq avadanlığın gətirilməsi üçün sazişin imzalanması gözlənilir. Tullantılara dair layihəmiz də var. Bu layihənin icrasından razıyam. Növbəti mərhələdə də tullantılarla əlaqəli layihəmiz olacaq. Bu layihənin əsas məqsədi Azərbaycanda ekoloji və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dəstək verməkdir”.

A. Çupovun sözlərinə görə, Azərbaycanın dövlət qurumlarının beynəlxalq agentliklə əməkdaşlığı davam etdirmək əzmi var: “Mən düşünürəm ki, əldə etdiyimiz nailiyyət başlanğıcdır. On il öncə Azərbaycan beynəlxalq agentliyin üzvü olanda bizim qarşımızda ancaq bir məqsəd - xərçəngin diaqnostikasını və müalicəsini təkmilləşdirmək məqsədi var idi. İndi isə Milli Onkologiya Mərkəzi dünya standartlarına tam cavab verir. Bunu Azərbaycan hökuməti edib, biz isə sadəcə dəstək vermişik. Bununla fəxr edirik. Bu il Gəncədə də müvafiq mərkəz açmışıq. Ordakı insanların artıq Bakıya gəlməsinə ehtiyac yoxdur. Bu da böyük nailiyyətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR