Bank Of Baku

Azərbaycan paytaxtında təcili yardıma müraciət edənlərin sayı artıb

Azərbaycan paytaxtında təcili yardıma müraciət edənlərin sayı artıb
# 26 yanvar 2012 12:05 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. Onun sözlərinə görə, 2011-ci ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına vətəndaşlar tərəfindən 527 514 çağırış edilib. 2010-cu ildə isə bu rəqəm 457 317 təşkil edib. M. Həmidov təcili yardıma müraciət edən xəstələrin sayının artmasını vətəndaşların bu tibb xidmətinə ambulator xidmətə nisbətən daha çox inanması və təcili yardım xidmətinin keyfiyyətinin daha da artması ilə izah edib.

Baş həkim bildirib ki, adətən havalar çox soyuq və isti olduqda təcili yardıma müraciət edən xəstələrin sayı da artır: “Adətən gün ərzində təcili yardıma 1200-1300 müraciət olur. Təcili yardıma edilən müraciətlərin sayı ilin fəsillərindən və günün saatlarından asılı olaraq dəyişir. Havalar sərt olanda bu müraciətlərin sayı 1300-1400-ə çatır. Son günlər isə stansiyaya vətəndaşlar tərəfindən edilən gündəlik müraciətlərin sayı 1400-1600-dən aşağı düşmür. Havalar soyuq olanda müxtəlif xəstəliklər də çoxalır. Adətən yaşlı adamlar ambulatoriyalara müraciət etməkdə çətinlik çəkir və həkimi öz yanlarına çağırmağa üstünlük verirlər”.

M. Həmidovun sözlərinə görə, adətən təcili tibbi yardıma qış və yaz-payıq aylarında yuxarı tənəffüs yollarının iltihabı, müxtəlif soyuqdəymələr, iltihabi xəstəliklərin ağırlaşmaları, yol-nəqliyyat və məişət travmaları ilə bağlı şikayətlər daha çox olur. Ürək-damar, böyrək və ginekoloji xəstəliklərlə bağlı şikayətlər də çağırışlar sırasında üstünlük təşkil edir.

Qeyd edək ki, hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tabeliyində 20 köməkçi, 19 filial stansiya fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR