Bank Of Baku

Bu il istehsalatda 75 nəfər ölüb

Bu il istehsalatda 75 nəfər ölüb
# 29 dekabr 2006 14:07 (UTC +04:00)
Bu ilin 11 ayı ərzində Dövlət Əmək Müfəttişliyi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı 2030 vətəndaşın ərizəsinin icrası təmin edilib. Bundan başqa, müəssisə və təşkilatlardan daxil olmuş 1722 məktub araşdırılaraq cavablandırılıb. Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü APA-ya verdiyi açıqlamasında bildirib ki, ərizə və şikayətlər əsasında müəssisə və təşkilatlar tərəfindən vaxtında ödənilməmiş 1 milyon 719 min manat vəsaitin vətəndaşlara ödənilməsi təmin edilib. Bu isə ötən illə müqayisədə 4,5 dəfə çoxdur. İşçilərə dəyən zərərə görə onlara 66 min 108 manat vəsait, 5 min 103 manat müavinət və kompensasiyalar ödənilib. Əmək müqavilələrinin bağlanması ilə əlaqədar 228 min 674 manat cərimə tətbiq edilib. Vergilər Nazirliyindən daxil olan protokollar əsasında əmək müqavilələrinin bağlanmaması ilə əlaqədar cərimənin tətbiq olunmasına dair 430 hüquqi və 1122 vəzifəli şəxslər haqqında müvafiq qərar qəbul edilib.
N.Şükürlünün sözlərinə görə, ötən il istehsalatda 220, bu il 232 bədbəxt hadisə baş verib. İstehsalatda baş verən hadisələrin təhqiqatının nəticələrinə əsasən, 22 halda müəssisələr işçilərlə bağlanmış əmək müqavilələrinə uyğun olaraq təhlükəsiz əmək şəraitləri yaratmadıqları, 69 halda zərərçəkənlər ona yaradılan şəraitdən düzgün istifadə etmədikləri, 128 halda müəssisənin günahı olduğu qədər işçinin də günahının olduğu müəyyənləşdirilib. 13 halda isə bədbəxt hadisənin baş verməsi kənar təsirlərin nəticəsi ilə əlaqələndirilib. N.Şükürlü deyib ki, DƏM bədbəxt hadisələrin nəticəsini araşdırarkən müəssisənin məsuliyyətinə daha diqqətlə yanaşıb və bunun nəticəsidir ki, ötən il 4 müəssisə günahkar bilindiyi halda, bu il onların sayı 22 olub.
İstehsalatda baş verən bədbəxt hadisə nəticəsində ötən il ərzində 54, bu il isə 75 nəfər vəfat edib. DƏM-in apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlinib ki, istehsalatda ölən işçilərin sayının artması ilk növbədə istehsala cəlb olunmuş işçi qüvvəsinin artması ilə izah olunur. Bu özünü tikinti sahəsində daha çox büruzə verir. Belə ki, bu il istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ölən işçilərdən 30 nəfəri və ya 40%-i tikinti sahəsində çalışanlar olub. Bu il iş yerlərində 3440 nəfər qeyri-qanuni işlədilən işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib ki, bunun da böyük hissəsi tikinti sahəsinin payına düşür. Görülən tədbirlər nəticəsində istehsalatda baş vermiş bədbəxt hadisələrin müəssisələr tərəfindən gizlədilməsi hallarının sayı da xeyli dərəcədə azalıb.
N.Şükürlü deyib ki, bu il DƏM tərəfindən 894 müəssisədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Onun 506-ı dövlət, 388-i özəl müəssisələr olub. Aparılmış dövlət nəzarətinin nəticəsində müəssisələrdə 5229 hüquq pozuntusu aşkarlanıb və onların aradan qaldırılması təmin edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR