2011-ci ildə 1-ci sinfə daxil olmuş 125294 şagirdin 50%-i əmək bazarına heç bir peşə və ixtisas üzrə təhsil almadan çıxacaqlar.
APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında bildirilib.
2022-ci il 11-ci sinfi bitirən şagirdlər 2011-ci ildə 1-ci sinfə daxil olublar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə 2011-ci ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 125294 nəfər olub. 2020-ci ildə 9-cu sinfi bitirən şagirdlərin sayı 1190000 (əlavə olaraq 182 nəfər hərbi liseylərin və digər nazirliklərin tabeliyində olan təhsil müəssisələrini bitirib) nəfər idi. Həmin ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı isə faktiki olaraq 116827 nəfər olub və 2173 şagird buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etməyib. Göründüyü kimi, 2011-ci ildə 1-ci sinfə daxil olan 125294 şagirdin təxminən 4.9%-i ümumi orta təhsil səviyyəsini bitirməyib və onların təhsili haqqında heç bir məlumat yoxdur.
Qeyd olunduğu kimi 2020-ci ildə ölkədə 9-cu sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı 116827 nəfər olub və bu şagirdlərin təxminən 16%-i təhsilini davam etdirməyib.
2011-ci ildə 1-ci sinfə qəbul olan şagirdlərin təhsil pillələri üzrə bölgüsünə görə, həmin şagirdlərin 14,9%-i 9-cu sinifdən sonra təhsilə davam etməyənlər, 11,1%-i 11-ci sinifdən sonra ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verməyənlər, 19,1 %-i ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmayanlar, 4,9%-i isə 9-cu sinifdə haqqında məlumat olmayanlar olacaqlarlar.
Eyni zamanda DİM-in 2027-ci ilə olan proqnozuna görə, 2011-ci ildə 1-sinfə qəbul olan şagirdlərin 7,5%-i peşə məktəblərinə və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar, 8,1%-i tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar, 34,5%-i ali məktəblərə qəbul olanlar olacaqlar.