Növbəti tədris ilin 6 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunacaq.
APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Ceyhun Kərəmov mətbuat konfransında deyib.
O bildirib ki, növbəti illərdə mərhələli şəkildə digər müəssisələr də bu mexanizmə keçid edəcək.
Ceyhun Kərəmov həmçinin qeyd edib ki, Bakı, Gəncə, Bərdə, Qəbələ, İsmayıllı, Cəlilabad, Füzuli və Lənkəran şəhərlərində yeni və müasir peşə təhsil müəssisələri qurulub və proses davam edir:
"Lənkəran Peşə Liseyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Tahsil Mərkəzi üçün binalar tikilir. Mingəçevir Peşə Təhsil Mərkəzinin binasının tikintisi isə başlamaq üzrədir. Eləcə də Füzuli Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax va Quba Peşə liseylərinin binalarının layihələndirilməsi aparılır. Bu müəssisələr ağıllı istixanalar, ferma, təcrübə hotelləri, həmçinin PUA təmiri emalatxanaları kimi müasir infrastrukturla təmin edilib. İnklüzivliyin təminatı üçün pandus qoyulmaqla, hibrid təlimin təşkili üçün şərait yaradılır".