"Ad hok" arbitraj daimi arbitraj təşkilatı tərəfindən idarə edilməyən arbitraj sayılacaq.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, "Ad hok" arbitraj yalnız beynəlxalq arbitraja münasibətdə təşkil edilə bilər.
"Ad hok" arbitrajın təşkili və fəaliyyət qaydaları, habelə arbitraj icraatı bu Qanunun müddəaları nəzərə alınmaqla arbitraj sazişi ilə müəyyən ediləcək.
"Ad hok" arbitraj məhkəməsində baxılan mübahisənin tərəfləri arbitraj icraatına sürətləndirilmiş arbitraj qaydalarının tətbiqi barədə razılığa gələ bilərlər. Tərəflər arasında sürətləndirilmiş icraata tətbiq ediləcək qaydalar barədə digər razılıq yoxdursa, BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) sürətləndirilmiş arbitraj qaydaları tətbiq ediləcək.
Qeyd edək ki, "Ad hok" arbitraj institusional (müəyyən məkanda daimi və müəyyən qaydada fəaliyyət göstərən) arbitrajdan fərqli olaraq konkret mübahisəyə baxılması üçün tərəflərin yaratdığı arbitraj növüdür.