Türkiyədə baş vermiş zəlzələdə Azərbaycan könüllülərinin fəaliyyətinə dair mətbuat konfransı keçirilib.
APA xəbər verir ki, mətbuat konfransında Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev və ittifaqın digər nümayəndələri Türkiyədəki zəlzələdən sonra Azərbaycan könüllülərinin oradakı fəaliyyəti barədə geniş məlumat verib.
Qeyd olunub ki, 200-dən çox Azərbaycan könüllüsünün Türkiyədəki fəaliyyəti bir ay davam edib. Fəaliyyət zamanı on minlərlə zərərçəkmiş şəxsə yüzlərlə yardımlar edilərək Türkiyə-Azərbaycan qardaşlığı bir daha isbat olunub: "Bir ay müddətində Azərbaycan könüllüləri zəlzələ bölgəsində çadırlar quraşdırıb, həmin düşərgələrdə yerli sakinlərə xidmət edib. Həmçinin ucqar kəndlərdə zərərçəkənlərə zəruri humanitar xidmətlər göstərilib. Çörəkbişirmə məntəqəsindən uşaq-əyləncə çadırına, yaralılar üçün ilkin tibbi xidmətdən uşaqlar üçün psixoloji dəstək xidmətinə, isti qidalardan isti geyimlərə qədər on minlərlə yardıma ehtiyac duyan qardaş və bacılarının qayğısına qalınıb, onlara yorulmadan xidmət göstərilib".
AKTİ-nin Baş katibi Vüqar Əliyev Azərbaycanın ilk humanitar könüllü komandası kimi tarixə düşdüklərini qeyd edib.
"Düzdür, biz istəyərdik ki, Türkiyəyə daha xoş hadisələr üçün gedək, amma belə gətirdi və Prezident İlham Əliyevin çağırışına dərhal qoşulan gənclərimiz, ölkə başçısının “Bir yumruq, bir ürək, bir can” şüarını öz devizinə çevirərək, qardaş ölkədə zəlzələ qurbanlarına dəstək olmaq üçün canla-başla xidmət ediblər", - o, vurğulayıb.
Azərbaycan gənclərinin dəstəyini həm yerli sakinlər, həm də qardaş ölkənin rəsmi şəxslərinin yüksək qiymətləndirildiyini deyən Vüqar Əliyev bunun iki ölkə arasındakı qardaşlığı kimi qiymətləndirib: "Kahramanmaraşda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan könüllülərimizlə şəxsən görüşərək Azərbaycan dövlətinə və xalqına təşəkkür etdi. Eyni zamanda Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, DİN rəhbəri Süleyman Soylu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, KADEM Fondunun Qəyyumlar Şurasının sədri Sümeyye Ərdoğan, “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar, habelə millətvəkilləri, valillər və tanımış şəxslər könüllülərimizin fəaliyyəti ilə yaxından tanış olub, gənclərimizə təşəkkürlərini çatdırıb".
Türkiyədə baş vermiş zəlzələdən sonra orada fəaliyyət göstərən yeganə könüllü heyətin Azərbaycan könüllüləri olduqlarını deyən ittifaq nümayəndələri, eyni zamanda, bu fəaliyyətin Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşdüyünü xüsusilə vurğulayıblar.
Qeyd edilib ki, Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti bir daha sübut edir ki, ölkə rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük hərəkatı artıq daha geniş imkanlara sahibdir.
Çıxışlardan sonra jurnalistlərin sualları cavablandırılıb.