Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası zamanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ arxeoloji ekspedisiyasının yaradılması haqqında məsələ də müzakirə olunub.
AMEA-dan APA-ya verilən xəbərə görə, AMEA prezidenti akademik İsa Həbbibəyli diqqətə çatdırıb ki, hazırda Azərbaycanda dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlıdır.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm bir hissəsini Qarabağın və Şərqi Zəngəzurun qədim və zəngin mədəniyyətinin öyrənilməsi təşkil edir. Bu məqsədlə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ və Şərqi Zəngəzur ekspedisiyası fəaliyyət göstərir. Ekspedisiya hazırda işğaldan azad olmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntıların və tədqiqatların həyata keçirilməsi, maddi mədəniyyət abidələrinin müəyyənləşdirilməsi, eyni zamanda erməni vandalizminin izlərinin aşkarlanması sahəsində uğurla fəaliyyət göstərir. Həyata keçirilən arxeoloji qazıntıların və tədqiqatların ardıcıl və sistemli şəkildə təşkil edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
İclasda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ ekspedisiyası haqqında qərar qəbul olunub.
Həmçinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xəzər arxeologiyası şöbəsinin yaradılması haqqında çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanda sualtı arxeoloji tədqiqatların sonuncu dəfə 1968-1986-cı illərdə həyata keçirildiyini, 20 ilə yaxın müddət ərzində Xəzər sahillərində və adalarda 4000-dən artıq maddi-mədəniyyət qalığının aşkarlandığını deyib.
Bildirib ki, bu gün Xəzər dənizində suyun səviyyəsinin enməsi ilə əlaqədar dənizdə və sahilboyu ərazilərdə sualtı arxeoloji istiqamətdə tədqiqatların aparılması üçün yenidən əlverişli şərait yaradıb. AMEA rəhbəri ölkə başçısının Xəzər hövzəsi ilə əlaqədar çağırışlarını və mövcud reallığı nəzərə alaraq, Xəzər dənizində və sahilboyu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasının Azərbaycanın tarixinin və qədim mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu nəzərə çatdırıb.
Rəyasət Heyəti tərəfindən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daxili imkanlar əsasında Xəzərin Arxeologiyası şöbəsinin yaradılması qərara alınıb.