Ötən ay məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə xəstəxanadan buraxılıb.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb.
Son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb, çəkisi 3 kiloqram 600 qramdan artıq olub.
Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.
Xatırladaq ki, iyulun 17-də Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüqiqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Daha sonra ananın izahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib. Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir.