Bank Of Baku

Arbitraj məhkəməsi müvəqqəti təminat tədbirləri tətbiq edə biləcək

Arbitraj məhkəməsi müvəqqəti təminat tədbirləri tətbiq edə biləcək
# 30 oktyabr 2023 11:14 (UTC +04:00)

Arbitraj məhkəməsi müvəqqəti təminat tədbirləri tətbiq edə biləcək.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, tərəflər arasında digər razılıq yoxdursa, arbitraj məhkəməsi tərəflərin müraciəti ilə müvəqqəti təminat tədbirlərini tətbiqi barədə qərar qəbul edə bilər.

Arbitraj məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edərək mübahisənin tərəflərindən aşağıdakıları tələb edə bilər:

- mövcud və ya ilkin vəziyyəti mübahisənin həlinə qədər saxlamaq və ya bərpa etmək;

- yaranmış və ya yarana biləcək zərərin, yaxud arbitraj icraatının özü ilə bağlı zərərin qarşısını almaq üçün tədbirlər görmək və ya belə zərərə səbəb ola biləcək hərəkətlərdən çəkinmək;

- mübahisə üzrə yekun arbitraj qərarının icrası üçün lazım olan aktivlərin mühafizəsini təmin etmək;

- işə aid ola biləcək, habelə mübahisənin həlli üçün əhəmiyyəti olan sübutları mühafizə etmək.

Tərəflər arasında digər razılıq yoxdursa, müvəqqəti təminat tədbirləri barədə əvvəlcədən məlumat verilməsi belə tədbirlərin tətbiqinin məqsədinə xələl gətirə biləcəyi hallar istisna olmaqla, arbitraj məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə bu tədbirlərin yönələcəyi tərəfə belə qərar qəbul edilməmişdən əvvəl xəbər verməlidir.

Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edildikdən dərhal sonra arbitraj məhkəməsi bütün tərəflərə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə bildirişi, müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı müraciəti, həmin qərarı və olduğu halda, tərəflər və arbitraj məhkəməsi arasında olan bütün yazışmaları göndərməli, habelə şifahi məlumat mübadilələrinin məzmunu barədə məlumat verməlidir.

Layihəyə əsasən, bu Qanunda qeyd olunan müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə müraciət edən tərəf arbitraj məhkəməsinə aşağıdakı halların mövcudluğunu sübut etməlidir:

- belə tədbirin tətbiq edilmədiyi təqdirdə vurulacaq zərər yekun arbitraj qərarı ilə aradan qaldırıla bilməyəcəyini və həmin tədbirin tətbiqi nəticəsində vurula biləcək zərərdən əhəmiyyətli dərəcədə daha çox olacağını;

- müraciət edən tərəfin xeyrinə iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ağlabatan ehtimalların olduğunu. Bu zaman belə ehtimalın müəyyən edilməsi sonradan hər hansı qərarın çıxarılması zamanı arbitraj məhkəməsinin mövqeyinə təsir göstərməməlidir.

Bu Qanunda nəzərdə tutulan müvəqqəti təminat tədbirinin tətbiqi barədə müraciətə münasibətdə bu Qanunun tələbləri arbitraj məhkəməsinin uyğun hesab etdiyi həddə tətbiq olunur.

Arbitraj məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə müraciət edən tərəfdən belə tədbirlərlə bağlı təminatın verilməsini tələb edə bilər.

Müvəqqəti təminat tədbirlərinin dəyişdirilməsi, icrasının dayandırılması və ləğvi qaydası da açıqlanıb. Layihəyə əsasən, arbitraj məhkəməsi hər hansı tərəfin müraciəti əsasında və ya müstəsna hallarda tərəfləri əvvəlcədən xəbərdar etməklə öz təşəbbüsü ilə tətbiq olunmuş müvəqqəti təminat tədbirlərini dəyişdirə, icrasını dayandıra və ya ləğv edə bilər. Layihəyə görə, arbitraj məhkəməsi istənilən tərəfdən müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsas olmuş hallarda baş vermiş əhəmiyyətli dəyişikliklər barədə dərhal məlumat verilməsini tələb edə bilər.

Arbitraj məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsasların olmadığını sonradan müəyyən etdikdə, bu tədbirlərin tətbiqi barədə müraciət edən tərəf həmin tədbirlərin tətbiqi nəticəsində dəymiş zərərin və xərclərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Arbitraj məhkəməsi arbitraj icraatının istənilən mərhələsində bu xərclərin və zərərlərin əvəzinin ödənilməsi barədə qərar qəbul edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR