Azərbaycan musiqi ictimaiyyəti 18 sentyabr tarixini Milli Musiqi Günü kimi qeyd edir. Bu tarixi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin anadan olduğu gün olaraq böyük sənətkarın vəfatından sonra Musiqi Günü kimi qeyd etmək ənənə halını
alıb. 1995-ci ildə Prezident Heydər Əiyevin imzaladığı sərəncama əsasən bu gün rəsmi olaraq Milli Musiqi Günü kimi qeyd olunmağa başlayıb.
Avropa Azərbaycan Məktəbindən APA-ya verilən məlumata görə, AAM-nin ibtidai məktəb korpusunda bu münasibətilə Milli Musiqi həftəsi təşkil edilib. Həftə ərzində dahi Üzeyir Hacibəyli və Milli Azərbaycan musiqisinə həsr olunmuş müxtəlif tədbir və fəaliyyətlər həyata keçirilib. Məktəbəqədər pillənin şagirdlərinin fotolarından ibarət Üzeyir Hacibəylinin portreti canlandırılıb və uşaqlar görkəmli sənətkar barədə məlumatlandırılıblar.
İbtidai sinif şagirdləri üçün nəzərdə tutulan Milli Musiqi Gününə həsr olunmuş tədbirdə şagirdlər həm maarifləndirici məlumatlar əldə etdilər, həm də Üzeyir bəyin qimətli musiqilərini ifa edərək bayram əhval-ruhiyyəsi yaradıblar. Bütün ibtidai sinif şagirdləri dahi Üzeyir bəyin bəstələdiyi bir sıra bəstələri, o cümlədən “Arşın Mal Alan”, “O olmasın bu olsun” kimi filmlərdə səsləndirilən
dillər əzbəri olan musiqiləri ifa ediblər və səhnələşdiriblər. İbtidai məktəbin musiqi müəllimləri Kəmalə Əlizadə və Nərgiz Kəngərli tərəfindən hazırlanan repertuar və onların pianoda müşayiəti ilə şagirdlərin etdikləri ifalar məktəbdə musiqi festivalı abu havası yaradıb.
Tədbirdə qonaq olaraq iştirak edən Azərbaycan Respublikasının Əməkdar Artisti Anar Şuşalı ecazkar ifası ilə şagird və müəllim kollektivinin qəlbini fəth edib. Güclü səsi ilə dahi Üzeyir bəyin əsərlərini səsləndirən sənətçinin ifası məktəb icmasının
güclü alqışları ilə müşayiət olundu. Anar Şuşalı uşaqlara Üzeyir Hacıbəyli yaradıcılığı və irsi, Milli Musiqi Gününün əhəmiyyəti barədə məlumat verib və onlarla söhbət edib.
Milli Musiqi Günü çərçəvəsində bir qrup ibtidai sinif şagirdi Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət ediblər. Muzey bələdçisi uşaqlara Üzeyir Hacıbəyli irsi və yaradıcılığı, eləcə də dahi bəstəkarın şəxsi həyatı və ailəsi haqqında dolğun məlumat verib. Üzeyir bəyin müasirləri olmuş dövrün digər görkəmli şəxsiyyətləri ilə olan fotoşəkillərini və dahi bəstəkarın xatirələrini şagirdlərlə bölüşən muzey əməkdaşı onlara xeyli yeni biliklər qazandırıb.
Vaxtilə dahi bəstəkarın yaşadığı evdə ona aid maddi nümunələri və əşyaları, xatirə şəkillərini, bəstəkara aid olan kitablar və iş materialları ilə tanış olan məktəblilər ekskusiyanı böyük maraqla izləyiblər. Sonda şagirdlər musiqi müəllimlərinin müşayiəti ilə Üzeyir Hacibəylinin bəstələdiyi məşhur bəstələri ifa ediblər. Milli Musiqi Günü çərçivəsində məktəblilər Böyük Üzeyir Hacıbəyli və
Azərbaycanın digər görkəmli musiqi xadimlərinin uyuduğu I Fəxri Xiyabanı ziyarət ediblər.
İlk olaraq məktəblilər və heyət Ümummilli lider Heydər Əliyevin qəbirüstü abidəsini ziyarət ediblər, Ulu Öndərin ruhuna ehtiramlarını bildridilər və məzarı önünə gül dəstələri düzüblər. Daha sonra onlar görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarını ziyarət edərək qəbri önünə gel dəstələri qoyublar. Sonra dahi Üzeyir bəyin qəbirüstü abidəsini ziyarət edərək gül dəstəsi düzən şagirdlərə dahi bəstəkarın Azərbaycan Musiqi sənətinin atası sayıldığı və onun musiqi sənətimizin inkişafında müstəsna və misilsiz xidmətləri olduğu barədə məlumat verilib.
Ardınca məktəbin şagird və müəllim heyəti milli musiqi sənətimizin inkişafında əvəzsiz rolu olan digər bəstəkar və sənətkarların qəbirüstü abidələrini ziyarət ediblər və gül dəstələri ilə onlara olan hörmətlərini bildiriblər. AAM-nin orta təhsil binasında da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib. Günün əhəmiyyəti barədə məlumat verən şagirdlərdən sonra musiqi tariximizə
işıq tutan video material nümayiş etdirilib. Sonra isə şagirdlərin ifalarında milli musiqilərimiz ifa edildi və maraqlı rəqs nümunəsi təqdim olunub. Məktəbdə qeyd edilən Milli Musiqi Həftəsi böyük coşqu ilə başa çatıb.