Azərbaycan səhiyyəsi son bir əsrdə böyük inkişaf yolu keçib. Bu tərəqqinin nə qədər genişsəpkili olduğunu görmək üçün keçmişə qısa nəzər salmaq kifayətdir. "Azərbaycan" qəzetinin 1918-ci ilin sonlarında çıxan saylarından birində qeyd olunurdu ki, şəhər tibb-sanitar təşkilatları ağır vəziyyətin öhdəsindən gələ bilmir. Xəstələr o qədər çoxdur ki, yeni xəstələrin qəbulu dayandırılıb. Arxiv sənədlərinə görə, o zaman qəzalarda 33 xəstəxana fəaliyyət göstərib. Onların ştatlarında 1 həkim, 2 feldşer, 1 mamaça və 1 çiçək peyvənd edən işçi olub. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitalizasiyası, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi olub. Bu gün isə ölkə üzrə fəaliyyət göstərən xəstəxanaların sayı hələ son illərdə bir sıra xəstəxanaların birləşdirilməsindən sonra belə 10 dəfədən də çox olmaqla 345-dir.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrə olduğu kimi, səhiyyə sahəsinə də diqqət artırıldı. Bu həm xaricdə təhsil almış ixtisaslı kadrlarının sayının artmasında, həm də yeni, müasir xəstəxana binalarının tikilməsində, ən son tibbi avadanlıqlarla təchiz edilməsində özünü göstərir. Statistik məlumatlara nəzər salanda görürük ki, hazırda hər on min nəfərə bütün ixtisaslardan olan həkimlərin sayı 32,4 nəfər təşkil edir. XX əvvəllərində isə respublika əhalisinin hər 75 min nəfərinə cəmi 1 həkim düşürdü.
Müstəqilliyimizin bərpasından sonra yaşanan keçid dövrü ölkəmiz üçün nə qədər ağır olsa da, bu gün səhiyyə sahəsində aparılan islahatlar nəticəsində aralıq dövrünün səhiyyəmizə vurduğu zərər kompensasiya edilməkdədir. Bu, bir zamanlar xaricə üz tutan ixtisaslı kadrların doğma yurda qayıtmalarının təşviq edilməsində, tibbi sığorta sahəsində aparılan islahatlarda, səhiyyə qurumlarında görülən optimallaşdırma tədbirlərində özünü göstərir. Şübhəsiz ki, müstəqillik dövründə səhiyyə sahəsində aparılan ən böyük islahat icbari tibbi sığorta sisteminin tətbiq olunmasıdır. Bu gün Azərbaycan vətəndaşları heç bir ödəniş etmədən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki müəssisələrdə və göndəriş əsasında müqavilə bağlanmış özəl tibb müəssisələrində əksər xəstəliklər üzrə müayinə və müalicə ala bilirlər. Bu, əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması baxımından olduqca önəmli addımdır. İcbari tibbi sığorta zərfinə daxil edilən xəstəliklərin daim artırılması da (hazırda xidmət sayı 3300-dən artıqdır) bu sahədə görülən işlərin nəticəsidir. Bu gün Azərbaycanın səhiyyə sistemi ölkədə sağlamlığı tənzimləmək və təhlükəsizliyi təmin etmək üçün dövlət və özəl sektor arasında effektiv əməkdaşlığı dəstəkləyən bir struktura sahibdir.
Bir sıra xəstəliklərlə mübarizədə də ölkəmiz dünya üzrə reytinqlərdə ilk pillələrdədir. Bunlardan biri malyariya üzrə göstəricidir. Bu ilin martında Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı öz ərazisində malyariya xəstəliyinin aradan qaldırılmasına nail olduğu üçün sertifikatlaşdırıb. Sertifikatlaşdırma xəstəliyi aradan qaldırmaq üçün davamlı, əsrlər boyu davam edən səylərdən sonra verilib. Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom Qebreyesusun verdiyi bəyanatda deyilir ki, Azərbaycanın nailiyyətləri düzgün resurslar və siyasi öhdəliklə malyariyanın aradan qaldırılmasının mümkün olduğuna daha bir sübutdur. Qeyd edək ki, ölkəmizdə malyariyaya yoluxma sonuncu dəfə 2012-ci ildə qeydə alınıb. Malyariyanın aradan qaldırılmasının sertifikatlaşdırılması ÜST tərəfindən ölkənin malyariyadan azad statusunun rəsmi tanınmasıdır. Sertifikat o zaman verilir ki, bir ölkə ciddi, etibarlı sübutlarla – Anopheles ağcaqanadları tərəfindən yerli malyariya yoluxma zəncirinin ən azı son üç il ərzində bütün ölkə üzrə kəsildiyini göstərir. Sertifikat alan ölkə həmçinin, ötürülmənin yenidən qurulmasının qarşısını almaq qabiliyyətini də nümayiş etdirməlidir. Bu günə qədər ÜST tərəfindən ümumilikdə 41 ölkə və 1 ərazi, o cümlədən Avropa regionu üzrə 21 ölkə malyariyadan azad olmaya dair sertifikatlaşdırılıb.
Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər salanda, ana və körpə, 5 yaşadək uşaq ölümlərində də kəskin azalmanın şahidi oluruq. Əgər 1993-1994-cü illərdə 60-70 ana ölümü qeydə alınmışdısa, bu rəqəm 2021-ci ildə 20, 2022-ci ildə isə 18 olub. 1935-ci ildə əgər hər min nəfər diri doğulanla müqayisədə körpə ölümü 107,5 olmuşdusa, bu gün bu rəqəm dəfələrlə azalaraq 7,8-ə düşüb. 1 yaşadək ölən uşaqların sayına gəldikdə 1935-ci ildə 7017, 1940-cı ildə 11250 ölüm qeydə alınmışdısa, 2021-ci ildə bu rəqəm 840, 2022-ci ildə isə 959 nəfər təşkil edib. Təbii ki, buna bir sıra amillər, o cümlədən tibb elminin inkişafı və ölkəmizdə tibbi xidmətlərin keyfiyyətinin bir neçə dəfə artırılması öz təsirini göstərib. Dünya Bankının hesabatına görə, 1990-cı ildə Azərbaycanda orta ömür yaşı 62 idisə, 2021-ci ildə 69 olub.
Səhiyyə sahəsində görülən işlərdən danışanda 30 ilə yaxın işğal altında qalan və bu müddət ərzində daşı daş üstündə qoyulmayan ərazilərimizdə də səhiyyə sisteminin qurulması üçün görülən və görülməsi planlaşdırılan tədbirlərdən danışmamaq olmaz. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na görə, 2026-cı ilə qədər azad edilmiş qəsəbə və kəndlərimizdə 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin, çoxprofilli modul tipli xəstəxananın (poliklinika da daxil olmaqla), 8 Rayon Mərkəzi Xəstəxanasının, 8 Gigiyena və Epidemiologiya Mərkəzinin, Psixiatriya xəstəxanasının, Onkologiya xəstəxanasının, vərəm əleyhinə xəstəxanaların, 3 ədəd təcili tibbi yardım stansiyasının, Regional Perinatal Mərkəzinin, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 8 rayon şöbəsinin, Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin, QİÇS-lə Mübarizə Mərkəzinin, Narkoloji dispanserin, 1 ədəd 182 çarpayılıq və 1 ədəd 80 çarpayılıq hərbi hospitalın, Mərkəzi Qan Bankının regional bölməsinin, sanatoriyaların və düşərgələrin tikilməsi nəzərdə tutulub. Eyni zamanda, geri qayıdan şəxslərin reabilitasiyası üçün tədbirlər də təşkil olunacaq. Qeyd edək ki, Zəngilan rayonunun Ağalı kəndində və Xocavənd rayonunun Hadrut qəsəbəsində ailə sağlamlıq mərkəzlərinin fəaliyyəti artıq təşkil edilib.
Bu gün Azərbaycan səhiyyəsi xidmət səviyyəsinin keyfiyyəti və tibb müəssisələrinin sayının görə, regionda liderdir dövlətdir. Ölkələrin rəsmi statistikalarına nəzər saldıqda görürük ki, 2021-ci ildə Azərbaycanda 518, Gürcüstanda 268, Ermənistanda isə 122 xəstəxana olub. Həmin il üzrə xəstəxanalarda çarpayı sayı Azərbaycanda 44,5 min, Gürcüstanda 20,8 min, Ermənistanda isə 12,7 min təşkil edib. Bütün ixtisaslardan olan həkimlərin sayına gəldikdə 2021-ci ildə Azərbaycanda 31 min 800, Gürcüstanda 22 min 500, Ermənistanda isə 14 548 kadr olub.
Bütün bunlara baxmayaraq, hələ qarşıda uzun bir yol var. Texnika və texnologiyaların inkişafı, tibb sahəsində robotlardan geniş istifadə, süni intellektin həyatımıza nüfuz etməsi bu istiqamətdə investisiyaların artırılmasına ehtiyac olduğunu göstərir. Mütəxəssislər hesab edir ki, elektron sağlamlıq sistemlərinin inkişafı, telesəhiyyənin (telehealth - red) genişlənməsi və səhiyyə informasiya texnologiyalarının effektiv istifadəsi köklü dəyişikliklərə nail olmağa kömək edəcək. Eyni zamanda, ölkənin daha savadlı və dürüst tibbi kadrlara ehtiyacı var. İnanırıq ki, səhiyyə müəssisələrində aparılan optimallaşdırma tədbirləri, tibb təhsili müəssisələrində qabaqcıl proqramların tətbiqi, səhiyyə sektorunda çalışan şəxslərin təcrübələrinin artırılması Azərbaycanın səhiyyə sektorunun keyfiyyətini və effektivliyini artırmağa, ölkəni daha sağlam gələcəyə aparmağa imkan verəcək.
Məqalə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.