İstifadəyə yararsız pestisidlərlə bağlı ölkədə mövcud olan problemlərlə bağlı ilkin təkliflər hazırlanıb və hökumətə təqdim olunub.
APA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bitki mühafizəsi ilə bağlı keçirilən regional tədbirdə deyib.
O bildirib ki, pestisidlərin saxlandığı anbarlarda, satış obyektlərində, o cümlədən onların tətbiq olunduğu bitkiçilik təsərrüfatlarında kifayət qədər dövlət qeydiyyatına alınmamış, yararlılıq müddəti bitmiş, həmçinin keyfiyyət parametrləri normativlərə uyğun olmayan saxta preparatlar aşkarlanıb.
"Bununla yanaşı il ərzində yararlılıq müddəti bitmiş və istifadəyə yararsız hesab edilən tonlarla pestisid agentliyin rəyi ilə dövriyyədən çıxarılıb. Hazırda ölkəmizdə ilkin mübarizə üsullarla mübarizə tədbirlərinin gücləndirilməsi, zərərli kimyəvi məhsullardan istifadənin minimuma endirilməsi prioritet vəzifələrdəndir. 238 adda toksik maddənin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib".
Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov isə deyib ki, vaxtilə sovet dövründə yığılmış pestisidlər 30 ildən artıq işğal altında qalmış ərazilərdə istifadəsiz qalıb və ətraf mühitin çirklənməsi baş verib. O bildirib ki, təbii olaraq orada heç bir dövlət qurumu bu istiqamətdə müvafiq nəzarət və monitorinq tədbirləri həyata keçirə bilməyib:
"Sevindirici hal ondan ibarət ondan ibarətdir ki, Böyük Qayıdış Dövlət Proqramında bununla bağlı xüsusi tədbir müəyyənləşib. AQTA və digər bu sahəyə cavabdeh olan dövlət orqanları birlikdə işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə tədbirlərə başlayıb. İlkin monitorinqlər keçirilib. İşğaldan azad edilmiş ərazilərdə pestisid qalığı toplanmış 7 nöqtə müəyyənləşdirilib. Həmin ərazilərdə minaların təmizlənməsi işlərinə paralel olaraq pestisidlərin toplanılaraq Cəngi poliqonuna gətirilməsi təmin olunacaq".