“Azərbaycanda kistoz-fibroz xəstəliyinin hansı tezliklə rast gəldiyi hələki məlum deyil. Xəstələrin əksəriyyəti Bakıda, bəziləri isə rayonlardandır.
APA xəbər verir ki, bunu "Azərbaycanda Kistoz-Fibrozda Yeni Dövr" adlı tədbirdə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib. Onun sözlərinə görə, ölkədə il ərzində təxminən 150.000 doğum olur:
“Bu xəstəliyə təxmini rastgəlmə tezliyi isə 5000-də 1-dir. İllik təxmini yeni xəstə sayı 30 hesab olunur. Lakin biz bu xəstələri tapmaqda əziyyət çəkirik. Hazırda kistoz-fibrozdan əziyyət çəkən 47 xəstə var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olub və kistoz-fibroz xəstəliyi 1 iyul 2022 tarixindən etibarən əlillik siyahısına alınıb. Dövlət hesabına reabilitasiya xidməti təşkil edilib. Kistoz-fibroz xəstələrinin müalicəsində istifadə edilən bəzi dərman preparatları əlilliyi olan şəxslər üçün nəzərdə tutulan və dövlət hesabına təmin edilən dərmanlar siyahısına əlavə edilib”.
O qeyd edib ki, dünyada bu xəstəliyə ən çox Rusiya, Türkiyə, ABŞ, Ukrayna, İrlandiya, Hindistan, Yaponiyada rast gəlinir.
Qeyd edək ki, "Azərbaycanda Kistoz-Fibrozda Yeni Dövr" adlı tədbirin rəsmi açılışı dövlət qurumları, əlaqədar səhiyyə təşkilatları, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və İstanbul Pendik Təhsil və Tədqiqat Xəstəxanasından dəvət olunmuş həkim qrupunun iştirakı ilə keçirilib. Həmin xəstəxanadan dəvət olunmuş professor Bulent Karadağ çalışdığı xəstəxanada və rəhbəri olduğu Selim Cörəmən adına Kistoz-Fibroz Mərkəzində diaqnostikanın və müalicənin təşkilindən, Kistoz-fibroz xəstəliyindən əziyyət çəkən şəxslərin mövcud vəziyyəti, beynəlxalq təcrübə, yeni müalicə üsulları, həyati vacib dərman preparatları ilə təminatın davamlılığı, yaranan problemlərin həlli yolları və əldə olunan nailiyyətlərin davamlılığından bəhs edib.
Həmçinin, tədbirdə həmin xəstəxananın uşaq pulmonoloqları professor Yaşamın Gokdemir və uzman Aynur Quliyeva iştirak ediblər.
Aysel Şahmar