Bank Of Baku

Bakıda Mərakeşin Milli Bayramı münasibətilə tədbir keçirilib - FOTO

Bakıda Mərakeşin Milli Bayramı münasibətilə tədbir keçirilib - FOTO
# 31 iyul 2023 20:00 (UTC +04:00)

Bakıda bu gün Mərakeşin Milli Bayramı – Kral Əlahəzrət VI Məhəmmədin taxta çıxmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Mərakeş səfiri qeyd edib ki, bu bayram ölkəsinin ən əlamətdar günlərindən biridir:

"Taxt-tac gününün qeyd edilməsi ölkəmizin ən qədim ənənələrdən biridir. Hər ilin bu günü, Mərakeş xalqını birləşdirən bağları möhkəmləndirən 12 əsrlik sədaqət paktını yeniləmək üçün bir fürsətdir. Bu, Mərakeş millətinin müxtəlifliyi və dərin ənənə, müasirlik, sülh və tolerantlıq dəyərləri daxilində birliyini simvollaşdırır.

Bu, həm də dəyişən dünyada millətin üzləşdiyi çağırışlar, eləcə də bu çağırışlara doğru yönəlmiş səylər üçün nəzərdə tutulan müxtəlif səviyyələrdə əldə olunan nailiyyətlər haqqında düşünmək üçün bir fürsətdir".

"Mən Mərakeşin diqqətəlayiq möhkəmlik və qətiyyət nümayiş etdirdiyini söyləməkdən məmnunam.

2023-cü ilin ilk altı ayı ərzində Mərakeş 2019-cu illə müqayisədə 21 faizdən çox olmaqla rekord sayda turist üçün qapılarını açdı. Bu rəqəmlər Mərakeşin turizm məkanı kimi Afrikadakı mövqeyini möhkəmləndirir.

Qitədəki bu liderlik avtomobil, aerokosmik və bərpa olunan enerji sənayesi kimi digər sektorlarda da özünü göstərir.

Bu ilin ilk yarısında Mərakeşdə avtomobil sənayesi 2022-ci ilə nisbətən 23 faiz artımla 4.8 milyard dollar dəyərində 400.000-dən çox avtomobil ixrac etməklə rekorda imza atıb.

Aerokosmik sahə 150-dən çox şirkət və 2 milyard dollardan çox ixracı ilə Mərakeşdə ən sürətlə inkişaf edən sahələrdən biridir", - deyə səfir bildirib.

"Bir neçə il əvvəl Mərakeş 2030-cu ilə qədər enerji tələbatının 52 faizini bərpa olunan mənbələr hesabına təmin etməyi hədəflədi.

Dünyanın ən böyük günəş elektrik stansiyalarından biri, çoxsaylı külək stansiyaları və su elektrik bəndləri ilə bu hədəfə asanlıqla nail olmaq olar, çünki quraşdırılmış enerji tutumu artıq 38 faizə çatıb", - diplomat bildirib.

"Son on iki ayda Mərakeş Sahara probleminin yekun həllinə doğru böyük addımlar atıb.

Getdikcə daha çox ölkə bu məsələdə Mərakeşə tam dəstəyini ifadə etməklə yanaşı, sarsılmaz dəstəyini vurğulamaq üçün Mərakeşin cənub əyalətinin iki əsas şəhərində konsulluqlarını açır. Dəhlə və Layun şəhərləri bu gün 28 konsulluğa ev sahibliyi edir. İsrail və Dominikan Respublikası Dəhlədə konsulluq açmaq niyyətində olduqlarını elan ediblər" - səfir elavə edib.

Mərakeş səfiri ölkələrimiz arasında əlaqələrə toxunub:

"Ötən il avqustun 25-də Mərakeş ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olundu. Son üç onillikdə Mərakeş və Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirmək, qarşılıqlı anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün əl-ələ tutaraq birgə işi davam etdirir.

Son 12 ay ərzində iki ölkə arasında bir sıra yüksək səviyyəli səfərlər baş tutub.

Mərakeş parlamentinin sədri, Talbi Alami Azərbaycanda iki dəfə səfərdə olub və Milli Məclisin sədri Sahibə Qafarovanı da Mərakeşə səfərə dəvət edib.

Rabatda Azərbaycan XİN rəhbərinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş nümayəndə heyəti ilə siyasi məsləhətləşmələr aparıb.

Hər iki ölkənin ombudsmanlarının qarşılıqlı səfərləri vətəndaş hüquqlarının təşviqi və müdafiəsi sahəsində əməkdaşlığın yeni fəslini açmış oldu. Əməkdaşlıq həmçinin universitetlər və ali təhsil, idarəetmə, minalardan təmizləmə, mədəniyyət, gənclər və idman kimi müxtəlif sahələri əhatə edəcək şəkildə genişləndirilib.

Yaxın bir neçə ay ərzində həm Mərakeş, həm də Azərbaycan ikitərəfli münasibətləri daha da inkişaf etdirəcək bəzi mühüm tədbirlərə hazırlaşır. İki ölkə arasında yüksək səviyyəli səfərlər planlaşdırılır.

Bundan əlavə, iki ölkəyə həm hüquqi bazalarını, həm də sektorlararası əməkdaşlığı daha da gücləndirməyə və şaxələndirməyə imkan verən İkitərəfli Əməkdaşlıq üzrə Birgə Komissiyanın toplanması planlaşdırılır", - deyə diplomat qeyd edib

"Fürsətdən istifadə edib ümummilli lider Heydər Əliyevin xatirəsini xüsusi ehtiramla yad etmək istərdim. O, 1994-cü ildə Mərakeşə səfər edib, Əlahəzrət Kral ikinci Həsənlə birlikdə mühüm görüş keçirib və bu görüş möhkəm qardaşlıq bağlarının əsasını qoyub. İndi də bu əlaqələr Kral Əlahəzrət VI Məhəmməd və zati-aliləri Prezident İlham Əliyev tərəfindən davam etdirilir", - Mərakeş səfiri çıxışını yekunlaşdırib.

Tədbirin açılış mərasimində çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan hökumətinin təbriklərini çatdırıb:

"Azərbaycan hökuməti və xalqı Mərakeş Kralı Əlahəzrətin taxta çıxmasının 24-cü ildönümünü münasibətilə Mərakeş hökumətini və xalqını, dostlarımızı və qardaşlarımızı təbrik edir. Mən də təbrik edirəm və sizə ən xoş arzularımı çatdırıram. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeş Krallığının Milli Günü - Taxt-tac Günü münasibətilə Kral Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb. Qeyd etmək istərdim ki, Mərakeş Krallığı Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb və Azərbaycan ilə Mərakeş arasında diplomatik əlaqələr 1992-ci il avqustun 25-də qurulub", - deyə Məmməd-Quliyev bildirib.

Mahmud Məmməd-Quliyev bildirib ki, Azərbaycanla Mərakeş əlaqələrinin əsası Ümummilli lider Heydər Əliyev ilə Mərakeşin mərhum Kralı II Həsənin Kasablankada keçirilən görüşündə qoyulub.

Qeyd olunub ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Mərakeş Kralı Əlahəzrət VI Məhəmməd arasında yüksək səviyyəli əlaqələr Azərbaycan-Mərakeş əməkdaşlığının daha da inkişafına mühüm təkan verir.

"Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Respublikası dini və mədəni dəyərlərlə bağlı olduğu Mərakeş Krallığı ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verir. Biz iki ölkə arasında tarixi dostluq münasibətlərinin inkişaf səviyyəsindən razıyıq və bu əlaqələri daha da inkişaf etdirmək, əməkdaşlığımızı genişləndirmək əzmindəyik. Hər iki ölkənin müvafiq qurumları tərəfindən siyasi, iqtisadi, mədəni və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilir. 5 mart 2018-ci il tarixində Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlıq və Mərakeşli Mühacirlər Naziri Nasser Bourita Azərbaycana rəsmi səfər edib. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənab Bouritanı qəbul edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlıq və Mərakeşli Mühacirlər Naziri arasında siyasi məsləhətləşmələrin ikinci raundu və Mərakeş Krallığının Müştərək Komissiyasının birinci iclası keçirilib. Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq həyata keçirilib. Birgə Komissiyanın iclası zamanı imzalanmış sənədlər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edib", - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, indiyədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 20-dən çox sənəd imzalanıb. Bu il Mərakeşdə keçiriləcək Birgə Komissiyanın növbəti mərhələsi üçün bütün məsələlər yekunlaşdırılıb.

"Komissiyanın növbəti iclasının tarixləri diplomatik kanallar vasitəsilə müəyyənləşdirilir. İki ölkə arasında siyasi əlaqələr də yüksək səviyyədədir. 26-27 dekabr 2022-ci il tarixlərində xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti siyasi məsləhətləşmələrin üçüncü raundunda iştirak etmək üçün Rabata səfər edib. Eyni zamanda, mədəni və sosial sahədə yaxşı əlaqələrimiz var, hər iki ölkənin parlamentlərində dostluq qruplarımız da fəaliyyət göstərir. Eyni zamanda qeyd etmək istərdim ki, dövlət başçılarımız arasındakı dostluq münasibətlərinə istinad edərək, biz ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində, daim qarşılıqlı dəstək nümayiş etdirərək səmərəli əməkdaşlıq edirik. Mərakeş Krallığı Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edir və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Təşkilatı çərçivəsində nümayiş etdirir", -deyə Mahmud Məmməd-Quliyev bildirib.

Onun sözlərinə görə, artıq öz həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dost və qardaş Mərakeşin mövqeyi, habelə BMT Təhlükəsizlik Şurasının dəstəyi və ədalətli mövqeyi Mərakeş Krallığı 44 günlük Vətən Müharibəsi dövründə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində xalqımız və hökumətimiz tərəfindən yüksək qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR