44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açıb.
APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.
Əli Əsədovun sözlərinə görə, bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır.
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır.
Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılmışdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir”.
Baş nazir şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurduğunu vurğulayıb:
“Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən rəşadətli Ordumuz mülki şəxslərə humanist davranışı ilə yeni bir sivil nümunə göstərib. Bu gün dövlət başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması uğrunda təşəbbüslər irəli sürür, çalışır, mübarizə aparır. Bu mübarizənin Cənubi Qafqazda sabitlik və inkişaf üçün zəruri şəraitin yaradılmasına xidmət edəcəyinə əminik”.
Əli Əsədov vurğulayıb ki, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna, silahlı qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər həyata keçirilib.
“Cənab İlham Əliyev prezidentlik dövrünün 17 ilini torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəltmiş, ordumuzu Qələbəyə hazırlamış, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırıb”, - o əlavə edib.
Baş nazirin sözlərinə görə, Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzu sayəsində 2011-ci ilin oktyabrında Azərbaycan gərgin mübarizə şəraitində keçən səsvermədə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü seçilib:
“Məhz İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan artıq 2019-cu ildə bu təşkilatın sədri seçilmiş və uğurlu sədrliyinə görə sədrlik səlahiyyəti daha 1 il artırılıb”.
Əli Əsədov Prezident İlham Əliyev dövlət başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirdiyini deyib:
“Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq”.