Baş Prokurorluqda beynəlxalq konfrans keçirilib - FOTO

“XXI əsr – yeni çağırışlar və hüququn müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq konfrans

© APA | “XXI əsr – yeni çağırışlar və hüququn müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq konfrans

# 23 dekabr 2021 11:32 (UTC +04:00)

Azərbaycan Respublikası Prokurorluğu orqanlarında tədrisin və peşə hazırlığının təşkili sahəsində prioritet fəaliyyət istiqamətlərindən olan ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə, birgə elmi tədqiqatların aparılmasına, elmi konfransların və görüşlərin keçirilməsinə xüsusi önəm verilir.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cari ilin 21 dekabrında Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən, 10-dan artıq ölkənin nüfuzlu ali təhsil müəssisələri və ölkəmizin 20-dən artıq dövlət orqanları və universitetlərinin qatıldığı “XXI əsr – yeni çağırışlar və hüququn müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq konfrans öz işinə başlanıb.
Konfransda nüfuzlu Ankara Universiteti, İstanbul Universiteti (Türkiyə), Halle-Vittenberq Universiteti (Almaniya), Vilnüs Universiteti (Litva), Kazan Federal Universiteti (Rusiya), Kiyev Hüquq Universiteti (Ukrayna), Əl-Farabi adına Qazax Milli Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinin görkəmli alimlərinin iştirakı nəzərdə tutulub.
Bakı Dövlət Universiteti ilə Baş Prokurorluğun sıx əməkdaşlığının təzahürü olaraq, 22 dekabr tarixində Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən beynəlxalq konfransın “Cinayət hüququnun inkişafının yeni tendensiyaları” sessiyası Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilib.
Tədbirdə iştirak edən cinayət hüququ üzrə ixtisaslaşmış yerli və xarici alimlər tərəfindən cinayət hüququnun aktual problemləri və müasir inkişaf istiqamətləri ilə bağlı maraqlı mühazirə və təqdimatlarla çıxışlar edilib.
Tədbir çərçivəsində Elm-Tədris Mərkəzinin rəisi tərəfindən prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar barədə ətraflı məlumat verilmiş, Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin böyük prokuroru Yelena Qasımova tərəfindən isə “Urbisidin sülh və insanlıq əleyhinə olan cinayət kimi tanınmasının aktual problemləri” mövzusunda təqdimatla çıxış edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR