Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Ermənistanın Vətən Müharibəsi zamanı Bərdə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirib.
APA xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə şəhidlərin xatirəsinin anmaq üçün Bərdədə terror hadisəsinin baş verdiyi küçəyə gedərək, əraziyə gül düzüblər. Sonra Bərdə Rayon Mədəniyyət Mərkəzində konfrans keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, konfrans iştirakçıları terror hadisələrini pisləyərək, bu sahədə bütün beynəlxalq təşkilatlara haqq səsimizin çatdırılması istiqamətində QHT-ləri aktiv olmağa səsləyiblər.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. Konfransın yekunu olaraq iştirakçılar adından bəyanat səsləndirilib. Bəyanatda qeyd olunub ki, “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfransın iştirakçıları Bərdə rayonu ərazisində Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin qurbanlarının əziz xatirələrini dərin hüznlə yad edərək 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirir və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirlər.