Bank Of Baku

Bərk məişət tullantılarının yığılması, daşınması layihəsinə Suraxanı da qoşulub

Bərk məişət tullantılarının yığılması, daşınması layihəsinə Suraxanı da qoşulub
# 10 iyul 2023 09:23 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq 4 ildir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi hazırda uğurla davam etdirilir.

İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, ilk vaxtda Nərimanov rayonunda icrasına başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr imkan verdi ki, mərhələli şəkildə paytaxtın daha 6 rayonu - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı və Səbail rayonları da bu işlərə qoşulub.

Bir neçə gündən sonra – iyulun 12-də Bakının Suraxanı rayonunda da layihənin icrasına başlanması nəzərdə tutulub. Layihəyə yeni qoşulacaq Suraxanı rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 700-ə yaxın konteyner meydançası yaradılıb. Bu meydançalara ilkin mərhələdə 4000-dən çox yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılır və əraziyə cavabdeh şəxslər təyin olunur.

Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Suraxanı rayonunun məhəllə və həyətlərində, qəsəbələrində görüşlər keçirilir. Bu işlərə Bakı Şəhər və Suraxanı Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar.
Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 104 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib və bu proses davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR