Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Dendrologiya Bağı” publik hüquqi şəxs xarici ölkələrin aidiyyatı dövlət qurumları ilə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması, birgə tədqiqatların aparılması məqsədilə çalışmalar həyata keçirir.
APA xəbər verir ki, son illərdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında siyasi, iqtisadi və mədəni sahələrdə məhsuldar əməkdaşlığı nəzərə alan Dendrologiya Bağı Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağı ilə biomüxtəlifliyin artırılması, bəzək-bağçılıq və landşaft memarlığı, ekologiya və ətraf mühitin mühafizəsi kimi sahələrdə əlaqələri genişləndirir. Bu məqsədlə Belarus MEA Baş Botanika Bağı və “Dendrologiya Bağı” publik hüquqi şəxs arasında dünya florasının mühafizəsi problemlərinin həllinin innovativ üsullarla öyrənilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Əməkdaşlıq memorandumunun imzalanması məqsədilə 1-3 noyabr 2023-cü il tarixlərində “Dendrologiya Bağı”nın təmsilçisi, dosent Samirə Bağırovanın rəhbərlik etdiyi qrup Minsk şəhərinə ezam olunub. Dendrologiya Bağının təmsilçiləri Belarus MEA Baş Botanika Bağının kollektivi tərəfindən qonaqpərvərliklə qarşılanmış, 96 hektarlıq bağın ərazisi, kolleksiya fondu, istixanaları, laboratoriyaları, biotexnoloji tədqiqatları ilə tanış olublar.
Bağın direktoru Fyodor Privalov səfəri yüksək qiymətləndiib. Gələcəkdə belə görüşlərin vaxtaşırı təşkil edilməsi barəsində razılıq əldə olunub.