"Bəzən imtahanların çətinliyi ilə bağlı ictimaiyyət nümayəndələri tərəfindən də ziddiyətli fikirlər eşidirik".
APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, test sisteminin əzbərçiliyə səbəb olmasını vurğulayırlar:
"Ancaq müəyyən bacarıqları yoxlayan yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunanda çətindir deyirlər. Biz açıq sualların yoxlanılmasına dair meyarları açıqlamamışıq. O zaman nə üçün sualın səhv olmasına dair fikirlər irəli sürülür. Riyaziyyat fənninə aid yazılı cavablar statistik təhlil əsasında bir daha araşdırılacaq və yekun qərar ekspert komissiyası tərəfindən veriləcək".
Məleykə Abbaszadə qeyd edib ki, imtahan nəticələri elmi-statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında nəsə demək düzgün deyil:
"Dünən son 4 ilin göstəriciləri ictimaiyyətə təqdim olundu. Hamısı bir-birinə yaxındır. Builki nəticələri də yoxlama prosesi bitdikdən sonra elan edəcəyik".