“İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayında sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə çox əhəmiyyətli məsələlərə toxunuldu. Eyni zamanda, qarşıda duran vəzifələrlə bağlı da tapşırıqlar verildi. Amma mühüm məsələlərdən biri Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrlə bağlı idi”.
Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
O bildirib ki, Prezident İlham Əliyev Gədəbəy hadisələri ilə bağlı mühüm mesajlar verib, xüsusilə bu hadisələrin yaranma səbəbləri haqqında danışıb:
"İlk olaraq qeyd etmək istərdim ki, bir çox dövlət orqanı vətəndaş müraciətlərinə vaxtında doğru-düzgün reaksiya vermir. Xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Məhz bunun nəticəsində həmin hadisələr baş verdi. Təsəvvür edin, təbiətimizə ziyan vurulur, insanların örüş sahələri, torpaqları əllərindən alınır, bir göl tikilib, indi isə ikinci süni göl tikilir. Və bütün bunlar insanlarla məsləhətləşmədən, onun ətraf mühitə təsirini öyrənmədən edilir, qərarlar verilir.
Cənab Prezidentin də vurğuladığı kimi, bir çox hallarda bu qərarların qəbul edilməsi subyektiv xarakter daşıyır. Məsələn, hansısa sövdələşmələr və s.
Burada səhlənkarlıq amilini də yaddan çıxarmaq olmaz. Amma əsas məsələ yenə də budur ki, cavabdeh qurum baş verənlərə lazımi reaksiya göstərməyib. Nəticədə isə bu hadisə baş verib”.
DİN yanında İctimai Şuranın sədri diqqətə çatdırıb ki, polis Söyüdlü kəndinə hadisənin nəticələrinin aradan qaldırılması üçün dövlət orqanlarının müraciəti əsasında daxil olub: “Cənab Prezident çox düzgün qeyd etdi ki, orada yeganə olaraq polis özünü ləyaqətlə aparıb. Bu, çox mühüm qiymətdir. Bu həm də dövlət orqanlarına çox ciddi mesajdır ki, fəaliyyətlərini qurarkən hər şeydən əvvəl qanunlara, vətəndaş məmnunluğunun təmin edilməsinə önəm verməlidirlər. Yəni hər bir məsələyə zamanında çevik reaksiya verilməlidir. Vətəndaşların məmnunluğunun təmin edilməsi mühüm məsələdir. Cənab Prezident hər zaman deyir ki, bizim siyasətimizin mərkəzində vətəndaşımız dayanır”.
Əliməmməd Nuriyev qeyd edib ki, vətəndaşların hüquq və azadlıqların qorunmasında polisin çox böyük əməyi var: “Bizim düşmənlərimiz hər zaman istər daxildə, istərsə də xaricdə dövlətin əsaslarını qoruyanlara qarşı mütəmadi hücumlar təşkil etməyə səy göstərir. Çünki onlar bilir ki, dövlətin etibarlı sipərlərinin sıradan çıxarılması dövlətin özünün tənəzzülünə gətirib çıxara bilər. Bu baxımdan biz güc strukturlarına qarşı zaman-zaman əsassız hücumların şahidi olmuşuq. Polis gecə-gündüz soyuqda, istidə asayişi qoruyur. Cənab Prezident bunu xüsusi qeyd etdi. Polis təkcə ictimai asayişi qorumur, cinayətkarlığa qarşı mübarizə aparmır, o, həm də vətəndaşlarımızın güvənc yeridir. Çünki hər şeydən əvvəl baş verən hadisə zamanı birinci polisə müraciət edirik, dərhal polisə qaçırıq, 102-yə zəng edirik. Problemlərin, münaqişələrin həll edilməsində polisdən dəstək istəyirik. Unutmaq olmaz ki, polis hər zaman bizim yanımızda olub. Polis ölkədə asayişi qoruyur, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı çox sərt mübarizə aparır.
Azərbaycan polisinin istər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində göstərdiyi fədakarlığı kim inkar edə bilər?! Elə mən bir faktı deyə bilərəm. Belə ki, 1992-94-cü illərdə Birinci Qarabağ savaşında Daxili Qoşunların 680 əməkdaşı ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan müstəqilliyini yeni bərpa etdiyi dövrdə nizami ordu yox idi, düşmənlə ilk üz-üzə gələn kim oldu? Polis oldu! Bura 1 777 nəfərin xəsarət almasını da gələ bilərik. Birinci Qarabağ müharibəsi dövründə 9 polis əməkdaşına “Milli Qəhrəman” adı verilib. Digər tərəfdən, İkinci Qarabağ savaşında – 44 günlük müharibədə Daxili Qoşunların 66 əməkdaşı şəhid olub, 346 əməkdaşı yaralanıb. 4 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Yaxşı bəs bunlar kimdir?! Əlbəttə ki, polisə daş atmaq və digər qanuna zidd hərəkətlər etmək yolverilməzdir. Bu, ümumiyyətlə heç bir vətəndaşımıza yaraşan hərəkət deyil, ictimaiyyət üçün pis bir nümunədir.
Onu da qeyd edim ki, bəli, bəzi hallarda polisdə neqativ hallara yol verən şəxslər var. Onlar da sərt şəkildə cəzalandırılır. Ötən ilin rəqəmlərinə əsasən, 500-ə yaxın polisə xəbərdarlıq edilib, onlardan bir çoxu orqandan xaric edilib”.
Əliməmməd Nuriyev əlavə edib ki, son 20 il ərzində ümumilikdə 24 minə yaxın cinayətkar qrup və dəstə polis tərəfindən zərərsizləşdirilib: “Vətəndaşlardan 22 mindən artıq odlu silah yığılıb. Baş verən cinayətlərin 87 faizinin “isti izlər”lə açılması təmin edilib. Bu, çox böyük faizdir. Digər ölkələrdə cinayətlərin açılması faizi bu qədər deyil. Cinayət törədən 69 mindən çox şəxs tutularaq istintaqa təhvil verilib, xeyli həcmdə narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu, polisin əməyi nəticəsində olub. Bu günlərdə Daxili İşlər Nazirliyində 2023-cü ilin ilk yarısı ilə bağlı müşavirə keçirilib. Qeyd olundu ki, bu ilin 6 ay ərzində 19 533 cinayət hadisəsi baş verib ki, onun da 90 faizi “isti izlər”lə açılıb. Ötən illə müqayisə bir çox cinayətlərdə azalma müşahidə edilir. Vətəndaşlara dəyən zərərin 74,4 faizi ödətdirilib.
Cənab Prezident ötən gün müşavirədə qeyd etdi ki, xarici ölkələrdə polislər insanları öldürür. Son günlər Fransada baş verənlər buna əyani sübutdur. 2021-ci ilin nəticələrinə görə, ABŞ-da polisin silah tətbiq etməsi nəticəsində 1 055 nəfər qətlə yetirilib. Onların bir çoxu məsuliyyətə cəlb edilsə də, məsuliyyətdən kənar qalanlar daha çoxdur. Unutmaq olmaz ki, Azərbaycan polisi aksiyalar zamanı dözümlük nümayiş etdirir”.
Əliməmməd Nuriyev, sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı həmlələrin olduğuna diqqət çəkib: “Hesab edirəm ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsini yaradılması polisin bu sahədə fəaliyyətini daha gücləndirəcək. Bundan başqa, polisin narkotiklərə qarşı mübarizəsi təqdirəlayiqdir. İrandan bütün növ narkotikləri ölkəmizə daxil etməyə çalışırlar. Polis bu istiqamətdə də aktiv çalışır və mübarizə aparır. Qeyd etdiyim kimi, son 6 ayda da böyük həcmli narkotik vasitələr dövriyyədən çıxarılaraq məhv edilib. İnsan alveri ilə mübarizədə polis əməkdaşları əllərindən gələni edir. Biz artıq beynəlxalq reytinqlərdə belə bunu müşahidə edirik. Eyni zamanda, polis əməkdaşlarının işğaldan azad edilən ərazilərdə xidmətini də qiymətləndirməkdə fayda var.
Bəzən istisnalar da olur. Gədəbəydə baş verən hadisələrdə polis əməkdaşı tərəfindən aşırı gücün tətbiqi ilə bağlı dərhal cənab nazir tərəfindən müvafiq xidməti araşdırma başlandı. Bunun nəticələri də yaxın zamanda ictimaiyyətə açıqlanacaq. Polis qeyri-qanuni hərəkətə yol verirsə, təbii ki, məsuliyyətə cəlb edilir. Dediyim kimi, mənfi hərəkətlər ola bilər, lakin buna görə bütün polisləri ləkələmək olmaz. Çox maraqlıdır ki, bunların çoxu xarici ölkələrdən təşkil edilir. Biz bilirik onlar hansı vəsaitlər hesabına bu işləri görür və gördürür”.
Əliməmməd Nuriyev, DİN yanında İctimai Şura tərəfindən polisin qanunsuz əməllərinə dair məlumatlarla bağlı müraciət etdiklərini açıqlayıb: “Cənab nazir də sürətli qərarlar qəbul edib, araşdırmalar aparılıb. Bütün hallarda araşdırma aparılmalı, əmələ qiymət verilməlidir. Gədəbəydəki hadisələri polis yaratmamışdı. Polis orada baş verən halların qarşısının alınmasına cəlb olunmuşdu. Polisə qədər həmin hadisə baş vermişdi. Hesab edirəm ki, bu işə cavabdeh olan şəxslər məsuliyyət daşımalıdırlar”.