Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Xəzər Əmiraslanov və sektor müdiri Emin Mansurov Xəzər dənizi regionu üzrə nüfuzlu tədris mərkəzi olan Beynəlxalq Peşə Tədrisi Mərkəzi (Occupational Training İnternational) tərəfindən may-iyun aylarında “Dənizdə təhlükəsizliyin əsasları ilə tanışlıq və qəza halları” mövzusunda təşkil edilmiş təlimlərdə müvəffəqiyyətlə iştirak edib və beynəlxalq sertifikata layiq görülüblər.
Bu barədə APA-ya FHN-dən məlumat verilib. Məlumata görə, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə bp şirkəti arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən təlimdə Agentliyin əməkdaşları quruda və dənizdə fəaliyyət göstərən obyektlərdə istifadə edilən radioaktiv mənbələrin, radioaktiv mənbəli qurğuların istismarı şəraitinin radiasiya təhlükəsizliyi tələblərinə uyğunluğuna nəzarətin həyata keçirilməsi və baş verə biləcək qəzaların qarşısının alınması tədbirlərinin görülməsi sahəsində bilik və bacarıqlarını zənginləşdiriblər.