Oktyabrın 17-də Füzulidə təntənəli şəhər günü tədbiri keçirilib.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli Şəhəri Günündə bu ilin avqustundan doğma yurdlarına qayıtmış bir qrup Füzuli sakini ilə görüşüb səmimi söhbət edib.
Sonra Füzuli Şəhəri Gününün geniş qala-konserti təqdim edilib. Tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.
Dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!”, “Ümummilli lider Heydər Əliyev və Füzuli”, “Füzuli rayonu – işğaldan öncə və işğaldan sonra” adlı, həmçinin Füzuli ərazisindəki Yedditəpə kurqanları arxeoloji abidəsindən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin yer aldığı sərgilərlə tanışlıq olub.
Daha sonra qonaqlar "Füzuli" guşəsinə baş çəkiblər. Burada Məhəmməd Füzulinin müxtəlif əsərləri əsasında hazırlanmış kompozisiyalar nümayiş olunub, şairin şeirləri səsləndirilib. Rəssam tərəfindən dahi şairin portreti yaradılıb.
Tədbir məkanında "100 tar" adlı kompozisiya təqdim olunub. Ustad tarzənlər, uşaq, yeniyetmə və gənclərdən ibarət 100 nəfər tarzənin ifası maraqla qarşılanıb.
Sonra tədbir iştirakçıları və qonaqlar Azərbaycan milli mətbəx nümunələrini dadıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür.
Füzuli Şəhəri Günü Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
***
11:38
Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzuli Şəhəri Günü keçirilir.
APA xəbər verir ki, tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və mədəniyyət naziri Adil Kərimli ilə yanaşı, bir sıra dövlət və ictimai xadimlər, mədəniyyət nümayəndələri və media mənsubları iştirak edir.
Füzulidən olan Vətən Müharibəsi qazisi Şövlət İsazadə APA-ya təəssüratlarını bölüşüb. O, döyüşün ilk günlərindən ön cəbhədə xidmət etdiyini və Füzulinin azad olunması əməliyyatında iştirakından bəhs edib:
“Döyüş şücaətimiz Cənab Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib və medallarla təltif edilmişik. Bugünkü gündə isə azad olunmuş ərazilərdə bu cür bayram ab-havasının yaşanması, hesab edirəm ki, şəhidlərimizin ruhunu şad edir. Allah hər zaman Ordumuzu, dövlət rəhbərimizi və bu milləti qorusun".
Nəriman Əliyev isə həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin iştirakçısıdır.
Vətən müharibəsi qazisi APA-ya açıqlamasında 2020-ci ilin oktyabrında məhz bu ərazilərin azad olunması əməliyyatında iştirakından danışıb: "Şükürlər olsun ki, artıq Azərbaycanın suverenliyi tam bərpa edilib. Bu, ordumuzun, onun Ali Baş Komandanının və bu millətin gücünün göstəricisidir".
Qeyd edək ki, gün ərzində proqram çərçivəsində 8 guşədən ibarət "Füzuli hücrələri" adlı bədii kompozisiyanın, həmçinin Ümummilli Lider Heydər Əliyevə, Məhəmməd Füzuliyə, "Yedditəpə kurqanlar" abidəsinə, "Azərxalça"ya aid sərgilərin nümayişi nəzərdə tutulub.
Sərgilərin ardından Qala konsert proqramı və atəşfəşanlıqla tədbirə yekun vurulacaq.
Foto Orxan Kərimov ©️ APA group