Hava gəmilərinin istismarı ilə əlaqədar vurulan zərərə görə məsuliyyət müəyyənləşəcək.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, hava gəmilərinin istismarı ilə əlaqədar vurulan zərərə (hava daşımaları ilə əlaqədar sərnişin, baqaj və ya yükə vurulan zərərə və hava gəmisinin istismarı zamanı hava gəmisi ilə daşınmayan üçüncü şəxslərə və ya onların əmlakına vurulan zərərə) görə məsuliyyətin əsasları və məsuliyyətə cəlb edilmə qaydası bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilir.
Eyni zamanda layihəyə əsasən, hava gəmisində daşınmayan üçüncü şəxslərə və onların əmlakına vurulan zərərə görə məsuliyyət də müəyyənləşdiriləcək. Belə ki, hava gəmisinin istismarı ilə əlaqədar hava gəmisi ilə daşınmayan üçüncü şəxslərə və ya onların əmlakına vurulan zərərə görə hava gəmisinin istismarçısı maddi məsuliyyət daşıyır.
İstismarçı tərəfindən hava gəmisinin istismarı ilə əlaqədar hava gəmisi ilə daşınmayan üçüncü şəxslərə və ya onların əmlakına vurulan zərərin ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.