Cəlilabad rayonunun Sərhədabad kəndində yeni məktəb binası şagirdlərin istifadəsinə verilib.
APA-nın Cənub bürosunun məlumatına görə, Heydər Əliyev Fondu təhsil sahəsindəki layihələri əsasında Cəlilabad rayonunun Sərhədabad kəndi üçün yeni məktəb binası inşa edib.
1976-cı ildə inşa olunan məktəb binası köhnə və qəzalı vəziyyətdə olduğun üçün Fond Sərhədabad kəndi üçün yeni məktəb binasının inşasını həyata keçirib. 360 şagird yerlik 3 mərtəbəli yeni təhsil ocağı 4 korpusdan ibarətdir.
Bu təhsil müəssisəsi də Fond tərəfindən zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib, məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.