Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilir.
APA-nın Şirvan bürosu xəbər verir ki, Fondun təhsillə bağlı daha bir layihəsi isə Qəbələ rayonunun payına düşür. Qəbələnin Nic qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1 nömrəli tam orta məktəbin binası inşa edilərək istifadəyə verilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində Fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu tərəfindən 1 nömrəli məktəb üçün yeni binanın inşasına başlanılıb.
2023-2024-cü tədris ilində istifadəyə verilən 2 mərtəbəli, 200 şagird yerlik 1 nömrəli tam orta məktəbdə fənn kabinetləri və laboratoriyaları lazımi avadanlıqla və əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası şagird və müəllimlərin istifadəsinə verilib. Təhsil ocağının həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb.
Məktəb binasının açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Elm və Təhsil naziri Emin Əmrullayev, eləcə də Qəbələ rayon rəhbərliyi və məktəb kollektivi iştirak ediblər.
Onu da qeyd edək ki, bu, Heydər Əliyev Fondunun Nic qəsəbəsində təhsillə bağlı ilk layihəsi deyil. Belə ki, qəsəbədə 2 nömrəli tam orta məktəb də Fondun təşəbbüsü ilə inşa olunub.