“Ermənistan dövlətindən tələb edirik, itkinlərimiz haqqında məlumatı Azərbaycan tərəfə versin”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova deyib. O bildirib ki, 31 ildir itkin ailələri öz yaxınlarından xəbər gözləyir:
"Ermənilər bizim kütləvi məzarlıq yerləri haqqında heç bir məlumatları vermirlər. Dəfərlərlə Ali Baş Komandan Prezident İlham Əliyev bununla bağlı Ermənistana səslənib, ancaq onlar susqun qalırlar. Bu haqda məlumat vermirlər. Biz 3890 Qarabağ itkinin ailəsinin birləşdiyi bir təşkilat olaraq, Ermənistandan tələb edirik ki, itkinlərimiz haqqında məlumatı Azərbaycan tərəfinə versin. Biz BMT-dən, bütün dünyadan tələb edirik. Dünyada olan itkin ailələrinə səslənirik. Biz həmişə onların yanında olmuşuq. Onlar da bizim yanımızda olsunlar. Bizim haqlı səsimizi, ədalət səsimizi dünyaya çatdırsınlar. Təbii ki, bizim itkinlərimiz haqqında məlumat Ermənistan tərəfindədir, itkinlərimizin sonrakı taleyi haqqında məlumatı bilirlər. Ona görə biz tələb edirik. Bu bizim haqlı tələbimizdir. Bütün dünya dövlətləri niyə bunlara göz yumur, niyə bizim səsimizi eşitmir?. 30 avqust itkinlər günündə biz BMT-yə müraciət eləmişik, ancaq hələ də bizə cavab gəlməyib. 30 ildə Beynəlxalq Qızıl Xaç Komitəsi itkinlərimiz haqqında bizə heç bir məlumat verməyib".
İtkin düşmüş Məmmədov Əhməd Mustafa oğlunun qızı Sevinc Hacıyeva APA-ya açıqlamasında deyib ki, işğaldan azad olunan torpaqlarda atasından nişan axtarır:
“Atam 1992-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı Şuşada olub. Atamla axırıncı əlaqəmiz 1992-ci ilin may ayının 5-də olub. Ondan sonra atamla əlaqəmiz olmayıb və bu günə qədər də atamın yolunu gözləyirik. Buradakı məzarlığa gəlməkdə məqsədimiz odur ki, bəlkə atamla bağlı bir xəbər öyrənə bilərəm. Atamın olduğu bu yerlərdə bəlkə hansısa divarda ondan bir imza ilə belə nişanə taparam. Atamı axtarmaq üçün gəlmişəm. Bu türmənin ərazisindən torpaq götürmüşəm, çünkü atam son günlərini bu ərazidə keçirib və mən götürdüyüm bu torpaqla özümə təsəlli tapıram".
İtkin düşmüş Məmmədov Əhməd Mustafa oğlunun bacısı Yasəmən Qurbanova isə deyib ki, qardaşının sorağı ilə Şuşaya gəlib:
“Bu məzarlığın tapılması bizə bir qədər təsəlli verir. Bura ziyarət üçün gəlmişik. Amma ondan heç bir iz yoxdur. İstəyirik ki, heç olmasa nəşi yurduna gəlsin. Buranı ziyarət etdikdən sonra bir qədər yüngülləşmə hiss etdim”.
İtkin Mirzəyev Vəfadar Əsədulla oğlunun bacısı Fəridə Məlikova isə APA-ya açıqlamasında deyib ki, Şuşaya bir ümidlə gəlib:
“Eşitdik ki, burada naməlum məzarlıq tapılıb, ona görə gəldik ki, bəlkə bizim də qardaşımızın qalıqları buradadır. Neçə ilərdir yolunu gözləyirik. 1994-cü ilin yanvarından itkin düşüb. Axtarmadığımız yer qalmayıb. Amma aqibəti haqda heç bir məlumat yoxdur”.
Emin Babayev
Çingiz Səfərli