Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Məzun Günü keçirilib.
APA xəbər verir ki, tədbir Dövlət Himni və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra Aİİ-nin tələbəsi Turqut Alışov tərəfindən Quran tilavəti təqdim edilib. Ardınca isə ali təhsil müəssisəsinin bir qrup tələbəsinin ifasında ilahi təqdim olunub.
Açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İnstitutun artıq beş ildir ki, fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor qeyd edib ki, ali təhsil müəssisəsi ikinci dəfə məzunlarını yola salır.
İnstitutun dövlətin diqqət və qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, əsas məqsəd yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlam düşüncəli, Vətənini sevən mütəxəssislər hazırlamaqdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məzunları təbrik edərək onlara uğurlar arzulayıb: "Əminəm ki, onlar islami dəyərlərin daha geniş şəkildə təbliğ edilməsinə öz töhfələrini verəcəklər".
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev dini təhsilin vacibliyinə toxunub: "Dini təhsildən böyük təhsil yoxdur".
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli də çıxış edərək məzunlara uğurlar arzu edib.
Aİİ-nin məzunları adından isə Günel Aslanova çıxış edib.
Daha sonra Azərbaycan İlahiyyat İnstitutu məzunlarının iştirakı ilə hazırlanmış videoçarx nümayiş olunub.
Sonda Azərbaycan İlahiyyat İnstitutunun məzunları Tələbə Andını səsləndiriblər.