Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
APA xəbər verir ki, Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbində müsabiqənin test imtahanı mərhələsindən uğurla keçmiş şəxslər müsahibəyə qatılıblar.
Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, komissiya sədri Hökumə Əliyeva bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən işə qəbul prosesinin bu formada təşkili gələcək peşəkar pedaqoqların üzə çıxmasına müsbət töhfə verir.
"Müsahibə mərhələsində gənc mütəxəssislərə öz ixtisasları barədə həm texniki, həm metodiki aspektdən suallar verilir, ifaçılıq bacarıqları yoxlanılır. Əsas məqsəd və vəzifə ondan ibarətdir ki, gələcək milli kadrlarımız daha peşəkar səviyyəli, yüksək dünyagörüşə malik və beynəlxalq musiqi standartlarına cavab verə bilən olsunlar" - deyə o qeyd edib.
Heykəltəraşlıq komissiyasının üzvü, Milli Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasının müəllimi Nəriman Məmmədov isə bildirib ki, bu gün bir neçə namizədi yoxlayıblar və öz sahəsində yüksək səviyyədə bələd olan iki nəfərə yüksək qiymət verilib.
Müsahibə mərhələsinə qatılan tar ifaçısı Ramil Məmmədli APA-ya açıqlamasında prosesin şəffaf aparıldığını, komissiya üzvlərinin ixtisası çərçivəsində suallar verdiklərini bildirib.
Heykəltəraşlıq ixtisası üzrə müsahibə mərhələsinə qatılan Rəşad Rzayev də prosesdən razı olduğunu və komissiya üzvlərinə minnətdarlığını ifadə edib.
"Komissiya üzvləri çox mülayim rəftar etdilər. Hər üçün peşəkar şəxslər idi. Diqqətlə yoxladılar" - deyə o bildirib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanında iştirak etmiş 1026 namizəddən 511 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb. Müsahibə mərhələsində mümkün 30 baldan 21 və daha yüksək bal toplayan namizədlər uğur qazanmış hesab edilirlər. Müsabiqənin müsahibə mərhələsinə 11 sentyabr tarixində yekun vurulması nəzərdə tutulur. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcək.
Çingiz Səfərli
***
09:19
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.
APA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi açıqlama verib.
Qeyd olunub ki, Nazirliyin tabeliyindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Test imtahanı 16 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib.
Müəllimlərin işə qəbulu üzrə test imtahanında iştirak etmiş 1026 namizəddən 511 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb.
5 sentyabr tarixindən etibarən Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılır.
Müsahibələrdə namizədlər peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən qiymətləndirilir. Mümkün 30 baldan 21 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər.
Müsabiqənin müsahibə mərhələsinə 11 sentyabr tarixində yekun vurulması nəzərdə tutulur. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcək.