Hamiləlik zamanı xanımlar arasında suçiçəyi, məxmərək kimi xəstəliklərə yoluxma hallarına tez-tez rast gəlinmir.
Bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, cərrah mama-ginekoloq Aynurə Əmirova deyib.
Onun sözlərinə görə, bu hallara çox tez-tez rast gəlinmir: "Daha çox yaz-payızda, infeksion xəstəliklərin artdığı, xüsusilə də azyaşlı uşaqlar arasında geniş yayıldığı dövrdə evində bağçaya, məktəbə gedən uşağı olan hamilə qadınların yoluxma ehtimalı olur. Ona görə həmin xanımlar bir qədər daha çox diqqətli olmalıdırlar".
Bu xəstəliklərə qarşı peyvənd olunmayanların hamiləliyin planlaşdırılması zamanı vaksin vurdurmasına qaldıqda isə həkim bildirib ki, hamiləlikdən öncə planlama zamanı qandakı anticisimlərin müəyyən edilməsi tövsiyə olunur: "Əgər anticisimlər varsa, deməli, hamiləlik zamanı xanım həmin xəstəliklərə yoluxmayacaq. Əks halda isə hamiləlikdən öncə peyvəndləmə aparıla bilər. Amma hamiləlikdən sonra, təəssüf ki, peyvənd vurula bilməz. Bu zaman biz tövsiyə edirik ki, hamilə xanım hər trimesterdə yoxlanılsın və bu infeksiyanı keçirən xəstələrdən uzaq dursunlar. Çünki hamiləlik zamanı həftəsindən asılı olaraq qızılca, məxmərək, suçiçəyi kimi infeksion xəstəliklərə yoluxuma çox ciddi təhlükə yarada bilər. Hamiləliyin 16-cı həftəsinə qədər baş verən məxmərək teratogen təsirə malik olub az kütləli döldə doğuş, katarakta, anadangəlmə inkişaf qüsurları, əqli inkişafın ləngiməsi, karlıq və ölüm ilə nəticələnir".