Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.
APA xəbər verir ki, onlar Bakıda akademik Zərifə Əliyevanın adını daşıyan liseyin qonağı olublar.
Nümayəndə heyətinin qarşılanma mərasimində Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib. Ukraynalı qonaqlar üçün liseydə ekskursiya təşkil edilib.
Qonaqlar qarşısında çıxış edən liseyin direktoru Fərqanə İsayeva rəhbərlik etdiyi təhsil müəssisəsinin uğurlarından və xarici ölkələrdəki təhsil ocaqları ilə genişmiqyaslı əlaqələrin getdikcə inkişaf etməsindən danışıb.
Akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqda danışan Fərqanə İsayeva deyib ki, bu il Zərifə Əliyevanın 100 illik yubileyi ölkəmizdə təntənəli şəkildə qeyd olunur: “Zərifə Əliyeva ömrünü Azərbaycanın elm və təhsilinə sərf etmiş parlaq şəxsiyyətlərdən biridir”.
İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin direktoru Valentina Antonenko Azərbaycan və Ukrayna xalqları arasında sıx dostluq əlaqələrinə toxunub: "Mən çox şadam ki, 2019-cu ildə bizim məktəbimizə Azərbaycan xalqının görkəmli qızı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə Əliyevanın adı verilib. Məktəbimizdə Zərifə Əliyevaya həsr olunmuş muzey var, biz daim onun xatirəsini yad edirik. Bizim şəhərimizdə Zərifə Əliyeva adına park da var və onun açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Mən zati-aliləri İlham Əliyevə səmimi qəlbdən xüsusi təşəkkürümü bildirirəm. Onun sayəsində bizim məktəbimiz yenidən dünyaya gəlib, çünki Ukraynadakı müharibə nəticəsində məktəbimiz tamamilə dağılmışdı. Ötən ilin yayında bir neçə ay ərzində məktəbimiz əsaslı təmir olundu. Buna görə mən cənab İlham Əliyevə bir daha minnətdarlığımı bildirirəm”.
O qeyd edib ki, məktəbdə 2500 şagird təhsil alır: “Tədris müəssisəsində bir sıra xarici dillər tədris edilir: alman, fransız, ispan, italyan, polyak, yapon, ərəb, çin və digər. Rus və Belarus dilləri də tədris olunurdu. Biz fəxr edirik ki, məktəbimizə Zərifə Əliyevanın adı verilib və mən bunu səmimi qəlbdən deyirəm. Ümid edirəm ki, bizim məktəblərimiz arasındakı dostluq xalqlarımız arasında da əlaqələrin inkişafına öz töhfəsini verəcək”.
Qeyd edək ki, səfər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Elm və Təhsil Nazirliyi, SOCAR Ukrayna və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.