İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "İslamofobiya və mediada nifrət çağırışları" mövzusunda plenar iclas keçirilib.
APA xəbər verir ki, plenar iclasda çıxışçılar medianın islamofob düşüncənin yayılmasında rolu, həmçinin mübarizəsi üçün vacib məqamlara toxunublar.
“TRT World” Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui 11 sentyabr terrorunu xatırladaraq, bu hadisənin islamofob düşüncəyə yönəldiyini qeyd edib:
"Bu terrordan sonra artıq hava limanlarında İslamla bağlı həyəcan təbili çalan təbliğat motivli addımların, çıxışların şahidi olmağa başladıq. Bloger və influenserlər də 11 sentyabr hadisəsindən sonra kütlələrə anti-müsəlman, islamofobik platformalar yaradıb, bu düşüncənin təbliğini genişləndirdilər. Bu, məkrli bir siyasətə çevrilmək üzrədir".
Hollandiyanın Media və Kommunikasiya üzrə professoru, Qlobal Media və Kommunikasiya üzrə Proqram Direktoru İdil Osman İslam anlayışının artıq siyasi alətə çevrildiyini qeyd edib:
"90-cı illərə qədər bunu Sovet anlayışı əvəz edirdi, bu gün isə İslam. Artıq çox təəssüf ki, İslamın şeytani bir anlayış kimi təqdim edilməsinin şahidi oluruq. 11 sentyabr hadisəsi İslam haqqında düşüncəni Qərbdə tamamilə alt-üst elədi və İslam adı artıq Qərbi məhv etmək üçün bir təzahür formasını aldı. Bu, çox ciddi təhlükə deməkdir".
Qətərin Baş araşdırma mütəxəssisi Kərim Məcri Qərb mediasında müsəlmanlara hörmətlə yanaşılmaması mövzusuna toxunub:
"Müsəlmanların əksəriyyəti belə düşünür ki, Qərb mediası, ümumiyyətlə, Qərb onlara hörmətlə yanaşmır. Media nümayəndələri bu cür nifrət nitqlərini özündə əks etdirən fikirlərə yol verməməli, mənbələrə istinad etdikdə, onları dəqiqləşdirməlidir. Reallıq ictimaiyyətə mümkün qədər dəqiqliklə çatdırılmalıdır".
ADA Universitetində Media və Kommunikasiya üzrə proqram direktoru Şəfəq Mehrəliyeva Sovet hakimiyyəti dövründə Azərbaycanın dini hüquqlarından məhrum olması faktını vurğulayıb:
"Sovet hakimiyyətinə qədər Azərbaycanda 2000 məscid var idi, amma bu rəqəm qısa zamanda 15 məscidə düşdü. Qalanları təyinatı üzrə istifadə edilmirdi. Xatırlayıram, Göy məscid belə anbar kimi istifadə edilirdi".
O, medianın cəmiyyətə təsiri motivinin aparacılığından danışıb:
"Media sahəsində müəllim olaraq, islamofobiya anlayışının mediada yayılmasını, necə yayğın hal almasını görürəm. Bu, narahatedici haldır, təbii. Çox təəssüf ki, media elə bir situasiya formalaşdırır ki, daha çox cinayət hadisələrini törədən məhz müsəlmanlardır. Bu cür fikir cəmiyyətdə müsəlmanlara qarşı nifrətin formalaşmasına təkan verir".
"Qərbi Azərbaycan İcması”nın mətbuat katibi Ülviyyə Zülfiqar qərbi azərbaycanlıların öz yurdlarında qovulmasını islamofobik addım kimi qiymətləndirib:
"Paşinyan Almaniyadakı brifinqində azərbaycanlıların öz torpaqlarından qovulması faktını danmışdı. Erməni mediası bizim öz əzəli torpaqlarımıza qayıtma istəyimizi ərazi iddiası kimi qələmə verir. Nəticədə bu, qərb mediasında bizim ədalət tələbimizin təhrif edilməsinə gətirib çıxarır. Biz sülh şəraitində öz yurdumuza qayıtmaq istəyirik. Amma Ermənistan bu haqqı bizə tanımır, üstəlik, bunu tarixi fakt olaraq danır".
Ülviyyə Zülfiqar ermənilərin tarixi abidə və məscidlərimizi dağıtması faktını islamofobik faciə adlandırıb.
"Bu mövzuda, təəssüf ki, çox danışılmır. Bizim qonşularımız bu haqsız situasiyaya susurlar. Azərbaycan mədəniyyəti, tarixi irsi ermənilər tərəfindən dağıdılıb, toponimləri dəyişdirilib. 300-ə yaxın məscidin dağıdılması islamofobik faciədir", o əlavə edib.
Çıxışlardan sonra plenar iclas müzakirələrlə davam edib.