Bank Of Baku

“İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfrans keçirilib - FOTO

“İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfrans keçirilib - FOTO
# 30 avqust 2022 12:49 (UTC +04:00)

Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Günü ilə əlaqədar “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və aidiyyəti dövlət qurumlarının əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, dini konfessiyalar, qeyri-hökumət təşkilatları və diaspora nümayəndələri, jurnalistlər və itkin düşmüş şəxslərin ailələri iştirak edib.

Konfransın moderatoru Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib ki, 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş qərara əsasən, 30 avqust hər il dünyada itkin düşmüş şəxslər günü kimi qeyd edilir. Bu günün qeyd edilməsinin əsas məqsədi silahlı münaqişələr, təbii fəlakətlər, zorakılıq halları və miqrasiyalarla bağlı itkin düşmüş insanların xatirəsinin yad edilməsi, zorakı itkindüşmə hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsindən ibarətdir. Onun sözlərinə görə, tarix boyu, xüsusən də son yüz ildə baş vermiş, hazırda da davam edən silahlı münaqişələr nəticəsində dünyanın bir sıra qaynar bölgəsində milyonlarla insan həyatını itirmiş, itkin düşmüş, əzab və işgəncələrə məruz qalıblar: “Təəssüflə qeyd etmək lazımdır ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində respublikamız da geniş miqyaslı humanitar fəlakətlə üzləşib. Xüsusən də intensiv hərbi əməliyyatların başladığı 1991-ci ilin sonundan etibarən mülki əhali öz ata-baba yurdlarından qovulub, girov götürülüb, əzab-əziyyətlərə məruz qalmış və itkin düşüblər. Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) yaradıldığı 1993-cü ildən etibarən Azərbaycan Respublikasının qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələbləri ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq şəraitində işləyib. Diqqətinizə çatdırmaq istəyirəm ki, iştirakçısı olduğunuz bugünkü konfrans da BQXK ilə birlikdə hazırlanmışdır. Mən təşkilati işlərdə əməkdaşlığa və göstərdiyi dəstəyə görə BQXK-nın Azərbaycandakı Nümayəndəliyinə minnətdarlığımı ifadə edirəm”.

Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl deyib ki, itkin şəxslər humanitar məsələdir: “Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb. Edilli və Fərrux kəndlərində kütləvi məzarlıqlar aşkarlanıb. İkincisi, münaqişə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib”.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxışında Azərbaycanda İtkinlər Gününün təsis olunmasını təklif edib: “Son 30 ildə beynəlxalq azərbaycanlı itkinlərlə bağlı beynəlxalq konfranslar təşkil olunmayıb. Torpaqlarını azad etmiş Azərbaycana beynəlxalq donor təşkilatları yardım göstərmir. Cinayətkarların təqibindən isə söz getmir. Müharibə üzrə xüsusi prokurorluqların və məhkəmələrin təsis edilməsi vacibdir. Ancaq Qərb dövlətlərinin Minsk qrupunu dirçəltmək cəhdi fərqli tendensiyadan xəbər verir. Mülki və hərbi cinayətkarlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən sonra aramızda sərbəst gəzə bilməməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR