“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçılarının Şuşa şəhərinə səfəri başa çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində konfrans iştirakçıları Şuşada yaşayış kompleksləri, tarixi və mədəni məkanlarla tanış olublar.
Nümayəndə heyəti Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət edib, Şuşa qalası ilə tanış olub. Qala divarları önündə xatirə fotosu çəkdirilib.
Səfər çərçivəsində qonaqlar Şuşa həbsxanasına da baş çəkiblər. Onlara işğal dövründə burada azərbaycanlı əsir və girovlara qarşı törədilən cinayətlər barədə məlumat verilib.
Bildirilib ki, həbsxanada saxlanılan 144 nəfərin taleyi hələ də məlum deyil.
O da qeyd olunub ki, Şuşa işğaldan azad edildikdən sonra ərazidə aşkarlanan iki kütləvi məzarlıqdan 31 nəfərin qalıqları çıxarılıb.
***
15.23
İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçılarının Qarabağa səfəri davam edir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət etdikdən sonra Şuşa şəhərinə gəlib.
Səfər çərçivəsində qonaqlar Şuşada yeni inşa olunan yaşayış binaları, şəhərdə aparılan tikinti-quruculuq işləri və yeni məscidin tikintisi ilə tanış olublar.
Səfər çərçivəsində nümayəndə heyətinin Şuşanın tarixi və görməli yerləri ilə tanış olması, şəhərin tarixi barədə ətraflı məlumat alması nəzərdə tutulur.