Bu gün səhiyyə sahəsində bütün problemləri tamamilə həll etmiş ölkə yoxdur.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Dünyadakı Azərbaycanlı Həkimlərin Simpoziumunda ürək-damar cərrahı, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev deyib. O qeyd edib ki, hər bir ölkənin səhiyyəsində özünəməxsus problemlər var:
"Azərbaycan səhiyyə sistemində hazırda əsas problem keyfiyyətə nəzarət məsələsidir. Digər məsələ isə səhiyyə sisteminin standartlaşdırılmasıdır. Bu məsələlərin öz həllini tapması səhiyyədə inkişafa yol açacaq".
Həkim həmçinin qeyd edib ki, səhiyyə sistemində fəaliyyət göstərən ictimai birliklər və dərnəkləri bir çətir altında toplayan qurumun yaradılmasına ehtiyac var:
"Səhiyyə sistemində nəzarət məsələsinin və eləcə də digər problemlərin öz həllini tapmasında ictimai birliklərin də rolu var və buna görə hesab edirəm ki, bu sahədə olan birliklərin bir çətir altında birləşməsi doğru olar. Bildiyim qədərilə TƏBİB və Səhiyyə Nazirliyində bu yöndə ciddi hazırlıqlar gedir. İnanıram ki, bu qurumun yaradılması səhiyyə sistemimizdəki keyfiyyətə nəzarət və standartlaşdırma ilə bağlı məsələlərdə ciddi rol oyanayacaq".
"Azərbaycan səhiyyə sistemi öz modelinə arxalanmalıdır. Bu modeldə özəl sektorlar yanaşı dövlət müəssisələri də inkişaf etdirilir", - deyə o çıxışı zamanı qeyd edib.