Son illərdə internet və sosial media platformalarından istifadə sürətlə artdıqca kibertəhlükəsizlik məsələsi də daha çox əhəmiyyət kəsb edir. Xüsusilə gənclər gündəlik həyatlarının böyük hissəsini onlayn mühitdə keçirdikləri üçün onların şəxsi məlumatlarının qorunması vacib məsələlərdən birinə çevrilib. Sosial şəbəkələrdə məlumat paylaşımı, müxtəlif tətbiqlərdən istifadə və onlayn ünsiyyət zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması şəxsi məlumatların üçüncü şəxslərin əlinə keçməsi riskini artırır. İnternetdə təhlükəsizliyin təmin olunması üçün istifadəçilərin diqqətli davranması təhlükənin qarşısını ala bilər. Son günlərdə bununla bağlı baş verən və artan hadisələr kibertəhlükəsizlik məsələsinin nə qədər aktual və ciddi problemə çevrildiyini bir daha göstərir. Məhz bu səbəbdən internetdən istifadə zamanı təhlükəsizlik qaydalarına diqqət yetirmək, şəxsi məlumatların paylaşımında daha ehtiyatlı olmaq və onlayn mühitdə məsuliyyətli davranmaq böyük əhəmiyyət daşıyır.
Bununla bağlı APA-ya açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Əmirov deyib ki, internetdən istifadə edərkən şəxsi məlumatların qorunması çox vacibdir: "İnternet artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Gənclər sosial şəbəkələrdə ünsiyyət qurur, onlayn oyunlar oynayır, alış-veriş edir və müxtəlif platformalarda məlumat paylaşırlar. Ona görə də şəxsi məlumatlar qorunmazsa, dələduzlar və kibercinayətkarlar bu məlumatlardan sui-istifadə edə bilərlər. Bunun qarşısının alınması üçün güclü və fərqli şifrələrdən istifadə edilməlidir. Həmçinin eyni şifrəni bir neçə saytda istifadə etmək təhlükəlidir. Əgər bir sayt sındırılsa, digər hesablarınız da risk altına düşə bilər. Şifrə ən azı 8–12 simvoldan ibarət olmalıdır. Böyük və kiçik hərflər, rəqəmlər və xüsusi işarələrdən istifadə etmək məsləhətdir. Bundan əlavə, şəxsi məlumatları hər yerdə paylaşmaq olmaz. Telefon nömrəsi, ünvan, şəxsiyyət vəsiqəsi məlumatları və bank kartı məlumatları kimi həssas məlumatları internetdə paylaşmaq təhlükəlidir. Sosial şəbəkələrdə də mümkün qədər az şəxsi məlumat yerləşdirmək lazımdır. Həmçinin bəzən e-poçt və ya mesaj vasitəsilə müxtəlif linklər göndərilir. Bu linklər saxta saytlar və ya zərərli proqramlar ola bilər. Belə hallarda linkin haradan gəldiyini yoxlamaq lazımdır”.
Ekspert bildirib ki, sosial şəbəkənin məxfilik parametrlərini yoxlamaq lazımdır: “Facebook, Instagram və digər platformalarda məxfilik (privacy) parametri var. Bunları dəyişərək paylaşımların yalnız dostların görməsini təmin etmək olar. Bundan əlavə, ikimərhələli təsdiqləmə funksiyasını aktiv etmək lazımdır.
Bir çox platforma iki mərhələli doğrulama (2FA) funksiyası təklif edir. Bu halda hesaba daxil olmaq üçün yalnız şifrə deyil, telefona gələn əlavə kod da tələb olunur. Bu da hesabın daha təhlükəsiz olmasını təmin edir. Ən vacib məqamlardan biri də ictimai Wi-Fi şəbəkələrindən istifadədir. Kafe və ya ictimai yerlərdə olan pulsuz Wi-Fi şəbəkələri bəzən təhlükəli ola bilər. Belə şəbəkələrdə bank əməliyyatları və ya vacib hesablara daxil olmaq tövsiyə olunmur.
Kibertəhlükəsizlik hər bir internet istifadəçisi üçün vacibdir. Sadə təhlükəsizlik qaydalarına əməl etməklə gənclər şəxsi məlumatlarını qoruya və internetdən daha təhlükəsiz istifadə edə bilərlər. Unutmaq olmaz ki, internetdə paylaşdığımız hər məlumat gələcəkdə bizim təhlükəsizliyimizə təsir edə bilər”.
Laləzar Məmmədova