Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası başa çatıb.
APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, İdarələrarası Mərkəzin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak ediblər.
İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar tərəfindən Laçın şəhərində aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, Qarabağda kəhrizlərin bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə aparılan kosmik tədqiqatlar, tikinti-söküntü tullantılarından təkrar xammal materialı kimi istifadə perspektivləri, yol-infrastruktur layihələrininin icrası zamanı ətraf mühitə minimum təsirə nail olunması, Laçın şəhərində yaşıllıqların mühafizəsi və bərpası perspektivləri, yol tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər, faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, müasir texnologiyalardan istifadə olunması, işğaldan azad edilmiş ərazilərin, o cümlədən Laçın rayonunun çayları və onların hidroenerji potensialından istifadəsi, eləcə də istismara verilmiş və icrası davam edən kiçik su elektrik stansiyaları barədə məlumat verilib. Həmçinin Laçın şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib.
***
13:43
Laçında Ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir.
APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən işçi qrupların işğaldan azad edilmiş ərazilərə növbəti səfəri Laçına təşkil olunub.
Səfərin məqsədi ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclasını keçirməkdir. İclasa Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sədrlik edir.