Lənkəranda Veravulçayın daşması nəticəsində rayonun Vilvan kəndində torpaq sürüşməsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda yağan intensiv yağışlar Veravulçayının daşmasına səbəb olub.
10-a yaxın ailənin yaşadığı evlər üçün təhlükəli vəziyyət yaranıb. Vaxtilə 60-65 metr aralıda olan torpaq qatı sürüşərək evlərin 10 metrliyinə kimi yaxınlaşıb. Torpaq uçqunu sakinlərin təsərrüfatlarına xeyli ziyan vurub. Meyvə və sitrus ağaclarını, eləcə də torpaq sahələrini, salınan istixanaları aparıb.
Ərazidə yaranan vəziyyətlə bağlı Lənkəran rayon Yuxarı Xanbulançay Hidroqovşağı İstismar idarəsinin mütəxəssisi Ayıq Əliyev APA-ya bildirib ki, idarə tərəfindən əraziyə ağır texnikalar ayrılıb. Hava şəraiti imkan verən kimi, çayda məcradəyişmə işləri aparılacaq.
Qeyd edək ki, hazırda çayda 2 km məsafədə sahilbərkitmə işləri görülür və tamamlanmaq üzrədir.