Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabeliyində olan təhsil müəssisələrində tam dövlət təminatında olan təhsilalanları yeməklə təmin edəcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə əksini tapıb.
Əsasnaməyə əsasən, Agentlik aşağıdakı vəzifələri həyata keçirməlidir:
- tabeliyində olan təhsil müəssisələrində tam dövlət təminatında olan təhsilalanları yemək, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, yataq ləvazimatı, dərslik, tədris ləvazimatı, zəruri avadanlıqla və s. ilə təmin etmək;
- ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası istisna olmaqla, təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmə) həyata keçirilməsinə nəzarət etmək;
- fiziki tərbiyə dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsini, tədris planlarına və təhsil standartlarına uyğun olaraq çağırışaqədər yaşlı gənclərin və çağırışçıların hərbi xidmətə zəruri fiziki hazırlığını təmin etmək, habelə təhsilalanların müəyyən edilmiş idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaratmaq;
- xüsusi istedada malik təhsilalanların müəyyənləşdirilməsi və təhsillərinin davam etdirilməsinin stimullaşdırılması üçün tədbirlər görmək;
- tədris dilini zəif bilən təhsilalanlar üçün təhsil proqramlarına uyğun hazırlıq siniflərinin və kurslarının təşkil edilməsi üçün tədbirlər görmək;
- dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi üçün tədbirlər görmək.