2023-2024–cü tədris ili üçün Müəllimlərin İşə Qəbul (MİQ) imtahanından narazı qalanlar var.
APA xəbər verir ki, Elm və Təhsil Nazirliyinin qarşısına toplanan bir qrup müəllim Azərbaycan dili və ədəbiyyat fənni suallarında nöqsanlara yol verildiyini bildiriblər.
Onlar sualların çətinliyindən və quruluşundan gileyləniblər.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 14-də təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanları ilə bağlı məlumat
Bildiririk ki, iyulun 14-də müəllimlərin işə qəbulu müsabiqəsinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanı keçirilib. Namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb. Nəticədə isə 29-cu tapşırıqda bəhs edilən əsərin adının çərçivə sənədinə daxil olan əsərlər siyahısında yer almadığı aşkar olunub. Bu səbəbdən 29-cu tapşırıq etibarsız sayılıb.
Nəzərinizə çatdırırıq ki, həmin test tapşırığı 1 280 nəfərə düzgün, 3 842 nəfərə səhv olaraq hesablanıb, 959 nəfər isə tapşırığı cavablandırmayıb. Sualın bütün namizədlərə düzgün olaraq hesablanması ilə 1 280 nəfərin nəticəsi sabit qalacaq, 3 842 namizədə 2,5 bal (səhv cavaba görə 0,5 bal bərpa), 959 namizədə isə 2 bal artırılacaq.
Aynur Qara