Uniser Education-un təşkilatçılığı, Abşeron Logistika Mərkəzi, Sara Logistika və Ece Logistikanın sponsorluğu ilə müəllimlərarası III Zəfər olimpiadası keçirilib. Olimpiadada ölkəmizin müxtəlif regionlarından 3000-ə qədər müəllim iştirak edib.
APA xəbər verir ki, oktyabrın 14-də Uniser Education tərəfindən xüsusi hazırlanmış imtahan sistemində müəllimlər birinci mərhələdə iştirak ediblər. Müasir dövrün üstünlüklərindən yararlanaraq məsafə qət olunmadan hər kəs olduğu yerdən imtahanda iştirak edib. İlk olaraq müəllimlər hər sualın çətinlik dərəcəsinə görə təyin olunmuş dəqiqələr ərzində mübarizə aparıblar. 9 ixtisas üzrə 20 olmaqla ümumilikdə ən yüksək nəticə göstərən 180 müəllim Final turuna vəsiqə qazanıblar. Oktyabrın 29-da Ulu öndərin xatirəsinə həsr olunmuş olimpiadanın ikinci, Final turu təşkil olunub. Burada ölkəmizin müxtəlif rayonlarından olan finalçılar əyani formada, kitabça üzərində işləyərək qaliblərin adına aydınlıq gətiriblər.
Qeyd edək ki, birinci mərhələdə 30 sualın hər doğru cavabına görə 4 bal verilib, hər səhv suala görə isə 1 bal silinib. Final mərhələsində isə müəllimlər 80 ballıq sistemlə 20 sualda qaliblərin adına aydınlıq gətiriblər.
Olimpiadanın mükafatlandırma mərasimi 12 noyabrda təşkil olunub. Mükafatlandırma mərasimində qonaqlar, müəllimlər və olimpiada iştirakçıları iştirak ediblər.
İlk söz Uniser Education-un direktoru Emin Xankişiyevə verilib. O çıxışında sayca 3-cü dəfə keçirilən olimpiadanı davamlı bir layihə halına gətirdiklərini və hər il dahi şəxsiyyətlərin, qəhrəmanların, elm xadimlərinin xatirəsinə həsr edəcəyini bildirib. Həmçinin, çıxışında bütün qalibləri təbrik edib.
Qeyd edək ki, 9 ixtisas üzrə yarışan müəllimlərdən hər ixtisas üzrə ilk 10-luğa düşənlər mükafatlandırılıb.