Bank Of Baku

​​​​​​​Naxçıvanda fövqəladə hadisələrlə bağlı təlim keçirilib

​​​​​​​Naxçıvanda fövqəladə hadisələrlə bağlı təlim keçirilib
# 20 oktyabr 2023 16:57 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan əməliyyat-taktiki təlimə yekun vurulub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı ilə Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Daxili Qoşunların, "Naxçıvan Dəmir Yolları" MMC-in və Naxçıvan Tibb Kollecinin iştirakı ilə keçirilən təlimin mövzusu "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili. Zədələnmə ocaqlarında axtarış-xilasetmə, qaza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması" olub. Təlim Naxçıvan şəhəri ərazisində yaradılan şərti şərait üzrə müvafiq qurumlar tərəfindən qarşılıqlı fəaliyyətdə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsini əhatə edib.

Təlimi Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri polkovnik Şahin Mirzəyev, Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsinin komandiri general mayor Səlim Niftalıyev və digər rəsmi şəxslər izəyiblər.

Təlimdən əvvəl Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qurumlarının əməliyyat-taktiki təlimə cəlb olunmuş texnika və avadanlıqlarına, mobil səhra hospitalı və çadır şəhərciyinə baxış keçirilib.

Təlim planına uyğun olaraq ilkin şərti məlumata əsasən, saat 08.30-da episentiri Culfa rayon Darıdağ massivi olmaqla 6,8 bal gücündə şərti zəlzələ baş verib. Saat 08.32-dən başlayaraq Fövqəlаdə Hаllаr Nаzirliyinin “112” qaynar xəttinə daxil olan məlumatlara əsasən, şərti zəlzələ nəticəsində yollar, körpülər, yaşayış binaları, digər tikili və infrastruktur obyektlərində “dağıntılar”, strateji obyektlərdə “qəzalar” baş verib. Təbii fəlakət nəticəsində dağıntılar altında qalanların, çoxlu sayda ölən və yaralananların olması ehtimal edilir. Yaranmış şərti vəziyyətlə əlaqədar hadisə yerinə dərhal xilasetmə qurumlarının şəxsi heyəti və texnikaları cəlb olunub.

Təlim zamanı şərti təbii fəlakət nəticəsində ziyan görmüş insanların xilas edilərək onlara ilk tibbi yardımın göstərilməsi, baş vermiş qəzaların fəsadlarının aradan qaldırılması, yanğınların söndürülməsi əməliyyatları və digər təxirəsalınmaz tədbilər praktiki olaraq nümayiş etdirilib.

Təlimdə ərazilərin partlamamış sursatlardan təmizlənməsi və zərərsizləşdirilməsi də məşq etdirilib.

Vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi üçün qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarla mübarizə üzrə qurumlararası qarşılıqlı fəaliyyət və idarəetmə imkanlarının daha da genişləndirilməsi məqsəsdilə keçirilən təlimdə verilən tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə təlimə ümumilikdə 400 nəfərdən ibarət şəxsi heyət, 45 müxtəlif təyinatlı texnika, 3 təlim görmüş it cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR