2022-ci ildə qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 14-ü xarici vətəndaş olmaqla 130 şəxs saxlanılıb.
APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, maddi sübut kimi 78 ov silahı, 769 patron, qanunsuz ovlanmış 114 baş quş, 6 baş heyvan götürülüb, 172,4 min manat cərimə tətbiq edilmiş, 38,7 min manatın ödənilməsi təmin edilib.
Eyni zamanda, təbiətə dəymiş 7,8 min manat məbləğində ziyanın 3,3 min manatı ödənilib. Müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına 7, icra şöbələrinə 134 və məhkəmələrə 16 iş göndərilib.
Bundan əlavə, ötən il balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilmiş nəzarət tədbirləri nəticəsində Xəzər dənizində və ölkənin daxili su hövzələrində 37007 metr uzunluğunda 817 sintetik tor və qanunsuz ovlanmış 1378 balıq aşkar edilərək götürülüb.
Bakı şəhərində və Abşeron yarımadasında yaşıllıqların mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə nəzarət təbirlərinin təşkili və həyata keçirilməsi nəticəsində 2022-ci ildə ümumilikdə 693 akt və 223 protokol tərtib olunub.
Sənəddə qeyd edilib ki, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 23 müddətli məcburi göstəriş verilib.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə ümumilikdə 200 iş üzrə 482,5 min manat məbləğində cərimə və təbiətə dəymiş ziyanla bağlı 122 iş üzrə 998,3 min manat məbləğində iddia tətbiq edilib. Müvafiq tədbirlərin görülməsi üçün 188 iş hüquq mühafizə orqanlarına, 28 iş icra şöbələrinə, 44 iş isə aidiyyəti məhkəmələrə göndərilib.