2022-ci ildə buraxılış imtahanlarına və ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının II mərhələsinə cəlb edilmiş nəzarətçi-müəllimlərin, köçürmələr də nəzərə alınmaqla, 85,2%-nin fəaliyyəti əla, 10,7%-nin yaxşı, 0,8%-nin kafi, 1,8%-nin isə qeyri-kafi qiymətləndirilib.
APA xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib.
Fəaliyyəti kafi qiymətləndirilən müəllimlərin nəzarətçi kimi hazırlıq səviyyəsinin artırılması məqsədi ilə hər il olduğu kimi, gələn il də təlimlərin ayrı-ayrı qruplarda təşkil olunması və onların növbəti ilin sınaq imtahanlarına cəlb olunması və fəaliyyətlərinin ayrıca izlənilməsi nəzərdə tutulur. Fəaliyyəti qeyri-kafi qiymətləndirilən müəllimlər isə cari ilin nəzarətçilər bazasından çıxarılıb.
DİM nümunəvi işi ilə seçilən və fəaliyyəti əla qiymətləndirilən müəllimləri ilboyu müxtəlif dövlət qurumlarına keçirilən işə qəbul imtahanlarına da dəvət edir, nəzarətçilər üçün keçirilən təlimlərdə onların təcrübəsindən istifadə edilir və həmin nəzarətçilər imtahan rəhbərliyinə namizədlər siyahısına daxil edilir.
Xatırladaq ki, 2022-ci il də daxil olmaqla (1830 nəfər) DİM-in keçirdiyi imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənmiş 5599 nəzarətçiyə təşəkkür elan edilmiş, onların 421-i fəxri fərmanla təltif olunub.
Nəzarətçilərin fəaliyyətinin təhlilinin nəticələri barədə, bir qayda olaraq, hər il Elm və Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə və ümumtəhsil müəssisələrinə məlumat verilir.