Bank Of Baku

Prokurorluğa qəbul imtahanında 137 namizəd növbəti mərhələyə keçib - YENİLƏNİB

Prokurorluğa qəbul imtahanında 137 namizəd növbəti mərhələyə keçib - YENİLƏNİB
# 10 oktyabr 2023 19:22 (UTC +04:00)

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikamızda yeni mərhələdə uğurla inkişaf etdirilən və gənclərə hərtərəfli diqqət və qayğının göstərilməsini, onların potensialından daha geniş istifadə olunmasını, dövlət idarəetməsində yaxından iştirakının təmin edilməsini nəzərdə tutan dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq prokurorluq orqanlarında ali hüquq təhsilli gənc mütəxəssislərin qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.

Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 10 oktyabr tarixində Ulu Öndər Heydər Əliyevin dövlət başçısı kimi 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 25-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.

İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçirilmiş və imtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.

Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış 374 namizəddən 331 nəfəri imtahanda iştirak edib, onlardan 70 və daha artıq bal toplamış 137 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilib.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə Baş Prokurorluğun rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə əlavə məlumat veriləcək.

10 oktyabrda keçirilmiş test imtahanında müvəffəqiyyət əldə etmiş namizədlərin siyahısı ilə keçidə daxil olmaqla tanış ola bilərlər (https://genprosecutor.gov.az/az/post/6887)

***

10.34

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Dövlət İmtahan Mərkəzi birgə prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

APA xəbər verir ki, imtahan DİM-in binasında elektron qaydada təşkil olunub.

Baş Prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında qeyd edib ki, prokurorluq orqanlarında çalışmaq istəyənlər üçün 25-ci müsabiqə həyata keçirilir: "Hazırda I mərhəslə, yəni test mərhələsi keçirilir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində, 50 vakant ştat üzrə prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir".

H. Məmmədovun sözlərinə görə, 2002-ci ildən bəri tam aşkarlıq şəraitində 24 müsabiqə keçirilib: "Ümumilikdə müsabiqələrdə uğur qazanmış 1151 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib. Onlar da hazırda prokurorluq işçilərinin 88,3% faizini təşkil edir. Sevindirici haldır ki, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərirlər və onlardan bir neçəsi xüsusi ali rütbə alıb. Ümidvarıq ki, bu növbəti müsabiqə nəticəsində də yüksən nəzəri biliyə, yüksək mənəvi-əxlaq keyfiyyətlərə malik, geniş dünya görüşünə, və dövlət və dövlətçiliyin sarsılmaz ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər prokurorluq orqanlarına qulluğa qəbul olunacaqlar".

İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin inzibati binasında təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR