Qərbi Balkan ölkələrinin liderləri Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müzakirə ediblər.
APA xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə “Brdo-Briyoni” Prosesi çərçivəsində Qərbi Balkan ölkələrinin liderlərinin sammiti keçirilib. Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Sloveniya Prezidenti Nataşa Pirts Musara və Xorvatiya Prezidenti Zoran Milanoviçin ev sahibliyi etdiyi toplantıya Serbiya Prezidenti Aleksandar Vuçiç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç, Monteneqro Prezidenti Yakov Milatoviç, Albaniya Prezidenti Bayram Beqay və Kosovo Prezidenti Vyosa Osmani qatılıb.
Sammitdə regional əməkdaşlığın gücləndirilməsi, Avropaya inteqrasiya, iqlim dəyişikliyi və gənclərin miqrasiyası kimi məsələlər müzakirə edilib. Toplantı çərçivəsində liderlərin ikitərəfli görüşləri də olub.